Bakıda iki kriminal qruplaşma arasında baş verən silahlı insidentin iştirakçılarından biri olan Hikmət Abbasquliyevin barəsində cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı aprelin 30-na təyin edilib.
Qeyd edək ki, Sabunçu rayonunun Ramana qəsəbəsində, məcburi köçkünlərin "Şuşa şəhərciyi"nin ərazisindəki “Naxçıvan” kafesində ötən ilin avqustun 9-da silahlı insident olub.
Nəticədə bir nəfər ölüb, bir nəfər isə yaralanıb.
Gecə saat 22:00 radələrində naməlum şəxs “Kalaşnikov” markalı avtomatla kafeyə daxil olaraq atəş açıb.
Bakı şəhər sakinləri — əvvəllər Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə məhkum olunmuş 1985-ci il təvəllüdlü Namiq Məhərrəm oğlu Allahverdiyevə və 1984-cü il təvəllüdlü Elxan Kərimova xəsarət yetirilib.
Nəticədə Namiq Allahverdiyev ölüb, Elxan Kərimov isə ağır yaralanaraq 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
Məlumata görə, cinayətin törədildiyi yerə dərhal Sabunçu rayon Polis İdarəsinin əməliyyatçıları, həmçinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları gəlib.
Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin üstü “isti izlər”lə açılıb.
Qətli törətməkdə şübhəli bilinən şəxsin həmin qəsəbə sakini, əvvəllər Cinayət Məcəlləsinin 226-cı (Radioaktiv materiallarla qanunsuz davranma), 204-cü (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum olunmuş, 1967-ci il təvəllüdlü Hikmət Abbasquliyev olması müəyyən edilib. Şübhəli şəxs görülmüş tədbirlər nəticəsində saxlanıb.
Məlum olub ki, Hikmət Abbasquliyev həmçinin Rusiya Cinayət Məcəlləsinin 105.1 (qəsdən adam öldürmə) maddəsi ilə də həbsdə yatıb və hadisədən bir neçə ay əvvəl cəzaçəkmə müəssisəsindən çıxıb.
Hikmət Abbasquliyev ələ keçirilərkən ondan 1 ədəd nömrəsi silinmiş "AKMS" markalı silah, 17 ədəd patron və 1 ədəd patron darağı maddi sübut kimi götürülüb.
Onunla yanaşı, cinayətin digər iştirakçıları da məlum olub. Onlar — 1986-cı il təvəllüdlü Babək Xudiyev və 1984-cü il təvəllüdlü Çingiz Xudiyev qardaşlarıdır.
Cinayətdə iştirak edən digər şəxslərin isə Qadir və Oqtay adlı qardaşlar olduğu müəyyən edilib.
Hadisə nəticəsində ölən Namiq Allahverdiyevin də kriminal aləmin üzvlərindən olduğu bildirilir. Digər şəxslərin də kriminal aləmlə əlaqələrini olması deyilir.
İstintaq orqanı tərəfindən Hikmət Abbasquliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.