Bakıda qəsdən adam öldürməkdə təqsirli bilinən 1991-ci il təvəllüdlü Səməd Pənahovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Səməd Pənahov 10 il azadlıqdan məhrum edilib.
İttihama görə, Səməd Pənahov tanışları İlqar Abdullayev və Cabbar Babayevlə birlikdə Röyal Xankişiyevlə görüşə gedib. Görüşün məqsədi Röyal Xankişiyevin İlqar Abdullayevə borclu olduğu və vaxtında verə bilmədiyi 15 manatı almaq olub.
Məlum olub ki, İlqar Abdullayev Röyal Xankişiyevə 40 manata elektroşok satıb.
Röyal Xankişiyev 25 manatını ödəyib,qalan məbləği yaxın zamanda verə biləcəyini deyib. Lakin dediyi vaxtda pulu qaytara bilmədiyindən arada söz-söhbət yaranıb.
Daha sonra dava düşüb, Səməd Pənahov Röyal Xankişiyevi idman fəndi ilə yerə yıxıb, onun başı asfalta çırpılıb və ağır xəsarət alıb.
Bir neçə saat sonra isə Röyal Xankişiyev dünyasını dəyişib.