Bakıda 85 yaşlı kişini qətlə yetirməkdə ittiham olunan Sakit Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əliövsət Abbasovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Sakit Mirzəyev 18 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il avqustun 20-də Sabunçu rayonu Yeni Ramana qəsəbəsində 1933-cü il təvəllüdlü Əkrəm Tağızadə evində qətlə yetirilib.
Araşdırmalar zamanı məlum olub ki, onu qəsəbə sakini Sakit Mirzəyev öldürüb.
Hadisəni törədən Sakit Mirzəyev saxlanılıb.
İstintaq orqanı tərəfindən Sakit Mirzəyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, Sakit Mirzəyev əvvəllər məhkum olunub. O, 2003-cü ildə oğurluq ittihamı ilə həbs olunub və 2008-ci ilədə isə həbsdən azad edilib.