Bakıda hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “Qafqaz” Xəbər Agentliyinin rəhbəri Mahmud Tağıyev barəsində olan hökmdən verdiyi apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə baş tutan iclasda əvvəlcə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra onun apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.
Məlum olub ki, Mahmud Tağıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən narazıdır. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Növbəti proses iyulun 3-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mahmud Tağıyev 12 il müddətə azadlıqdan məhrum edilib.
İstintaq orqanı tərəfindən Mahmud Tağıyevin barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan olunub.
Cinayət işi üzrə zərərəçəkmiş şəxs qismində “ŞURATAZ LTD” MMC-yə faktiki rəhbərlik edən Xaliq Nəriman oğlu Abbasov və “Nort Vest Konstrakşn” MMC-nin icraçı direktoru Elçin Tofiq oğlu Bədəlov, həmçinin daha iki nəfər tanınıb.