Rusiyada 19 və 16 yaşlı ABŞ vətəndaşlarına qarşı zorlama maddəsi üzrə cinayət işi açılıb.
Teleqraf.com xəbər verir ki, amerikalı gənclər Rusiyanın Krasnodar diyarında yerləşən Qara dəniz sahilindəki kurort şəhəri Gələncikdə gənc qıza təcavüz etməkdə ittiham olunurlar.
Rusiya İstintaq Komitəsinin Krasnodar diyarı üzrə İstintaq İdarəsinin məlumatına görə, insident iyulun 13-də gecə baş verib. 19 yaşlı ABŞ vətəndaşı 16 yaşlı oğlan dostunu və gənc qızı Divnomorsk kəndində yerləşən hoteldəki nömrəsinə dəvət edib. Gənclər burada qızı zorlayıblar.
Yaşı dəqiqləşdirilməyən zərərçəkmiş nömrədən qaçmağı bacarıb və polisə müraciət edib.
Hazırda istintaq aparılır, məhkəmə-tibbi və genetik ekspertizalar təyin olunub. Yaxın vaxtlarda təqsirləndirilənlər barədə tədbirlər görüləcək.