Rüşvətə təhrik etmə və dələduzluqda ittiham edilən “Azəryaşlandşaft” ASC-nin Yaşıllıqların qorunması və mühafizəsi şöbəsinin keçmiş mütəxəssisi Elçin Musayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Elçin Musayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, “Azəryaşlandşaft” ASC-nin Yaşıllıqların qorunması və mühafizəsi şöbəsinin keçmiş mütəxəssisi E.Musayev Yasamal rayonunda - Dövlət Sosial Müdafiə Fondunun yaxınlığında yerləşən torpaq sahəsindəki 9 ağacın köçürülməsi adıyla həmin ərazinin sahibi Ramiz Cabbarlıdan 33 min manat pul alıb.
Qeyd edilib ki, E.Musayev pulu səlahiyyətli məmurlara rüşvət vermək adıyla alıb.
Bununla həm də R.Cabbarlını rüşvət verməyə təhrik edib.
İstintaq orqanı ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 34, 312-ci (rüşvət verməyə təhrik) maddələri ilə ittiham irəli sürüb.
Məhkəmədə elan olunmuş ittiham üzrə E.Musayev özünü qismən təqsirli bilib.