Şabran rayonunda qısqanclıq zəminində qətl törətməkdə təqsirli bilinən 1980-ci il təvəllüdlü Vüsal Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror Vüsal Hacıyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Növbəti proses avqustun 30-da davam edəcək.
İttihama görə, ötən il avqustun 12-də Şabran rayonunda 1980-ci il təvəllüdlü Vüsal Hacıyev həmyerlisi, 1982-ci il təvəllüdlü Ruslan Hacıyevi qısqanclıq zəminində qətlə yetirib.
Belə ki, Vüsal Hacıyev evinə gələn zaman Ruslan Hacıyevi həyətində görüb.
Bu zaman Vüsal Hacıyev həmyerlisinin həyat yoldaşı ilə şəxsi münasibəti olduğunu düşünərək ona çoxsaylı bıçaq xəsarətləri yetirib.
Ruslan Hacıyev hadisə yerindəcə ölüb.
Cinayəti törədən Vüsal Hacıyev polis tərəfindən saxlanılıb.
İstintaq orqanı tərəfindən Vüsal Hacıyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.