31 İyul 2019 16:32
409
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Prokurorluğunun digər hüquq mühafizə, ilk növbədə daxili işlər, ədliyyə və məhkəmə orqanları ilə əlaqəli birgə fəaliyyətinin nəticəsi olaraq cinayətkarlığın dinamikasında və strukturunda müşahidə olunan ötən illərin müsbət göstəriciləri hesabat dövründə də davam edib, prokurorluğun ölkəmizdə dayanıqlı ictimai-siyasi sabitliyin qorunması, dövlət maraqlarının müdafiəsi və cinayətkarlığa qarşı kəsərli mübarizənin təşkili istiqamətində fəaliyyəti daha da güclənib, kriminogen stabilliyə nail olunmaqla mənfi təzahürlərin qarşısı vaxtında alınıb".

Teleqraf.com xəbər verir ki, bu barədə baş prokuror Zakir Qaralov 2019-cu ilin birinci yarımilində “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bölgə müşavirələrində aparılmış müzakirələrin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsində deyib.

Baş Prokuror qeyd edib ki, istintaq və əməliyyat-axtarış fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə cinayət hadisələrinin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 690 vahid artım olmaqla, ümumilikdə qeydə alınmış 13534 cinayətin 91,7 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olmuş, onların 88,5 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 11,5 faizini isə ağır və xüsusilə ağır cinayətlər təşkil edib.

Bildirib ki, əməliyyat-axtarış və istintaq fəaliyyəti sahəsində görülmüş birgə tədbirlər nəticəsində hesabat dövründə cinayətlərin açılması 82,4% təşkil edib, həmçinin daxili işlər orqanları ilə birgə keçirilmiş tədbirlər nəticəsində əvvəlki illərdən bağlı qalmış 163 cinayətin açılması təmin edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə hesabat dövründə qəsdən adam öldürmə, qəsdən sağlamlığa az ağır zərər vurma, mülkiyyət əleyhinə olan cinayətlər, yol-nəqliyyat hadisələri, habelə qəzalarda xəsarət alanların sayında artım, istintaq zamanı dövlətə, hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödənilməsində isə azalma müşahidə olunub.

Müşavirədə 2019-cu ilin birinci yarımilində Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində qeyri-aşkar şəraitdə törədilmiş bir sıra ağır, mürəkkəb və çoxepizodlu cinayət hadisələrinin, o cümlədən qəsdən adam öldürmə cinayətlərinin cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq keyfiyyətli istintaq edilməsi, cinayət törətmiş şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri qeyd edilib, eyni zamanda respublikada ictimai rezonansa səbəb olmuş cinayət hadisələri üzrə 70 şəxs barəsində istintaq olunmuş 32 cinayət işinin yekunlaşdırılaraq məhkəmələrə göndərildiyi xüsusi vurğulanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər