Mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Əlizamin Şükürov, Samir İsmayılov, Pərvin Həşimov, Pərviz Hacıyev, Nicat Cəfərov, Elvin Feziyev, Məmməd Abbasov, Anar Cəfərzadə, Elvin İbişov və Elşad Tağıyevin barələrində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Əlizamin Şükürov 2008-2015-ci illər ərzində İmişli şəhərində yerləşən “Bank Respublika” ASC-nin İmişli filialının direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən yararlanaraq, bankın ona etibar olunmuş külli miqdarda pulunu mənimsəyib.
O, 194 885 manat pul vəsaitini özü ilə yaxın, qohumluq, tanışlıq və digər münasibətləri olduğu ayrı-ayrı şəxslərin adına kredit rəsmiləşdirib.
Bundan başqa, Əlizamin Şükürov həmin bakın İmişli filialının zərgəri vəzifəsində işləmiş Pərviz Hacıyevlə birgə qabaqcadan əlbir olub, ümumilikdə 3 nəfər fiziki şəxsin adına kredit müqavilələri üzrə filialın xəzinəsindən məxaric edilmiş 50 297 manat manat pul vəsaitini adlarına kredit rəsmiləşdirib.
Həmçinin, Əlizamin Şükürov tanışı, “Turan” futbol klubunun 12 yaşlılardan ibarət komandasının məşqçisi vəzifəsində işləmiş Samir İsmayılovun köməkliyi ilə, yəni onun banka gətirdiyi ayrı-ayrı adamların, ümumilikdə 53 nəfər fiziki şəxsin adına olan 56 ədəd kredit qovluğu üzrə filialın xəzinəsindən məxaric edilmiş 454 365 manat pul vəsaitini də mənimsəyiblər.
Əlizamin Şükürov “Bank Respublika” ASC-nin digər təqsirləndirilən sabiq əməkdaşları ilə birgə bankın külli miqdarda vəsaətini mənimsəmə yolu ilə ələ keçiriblər.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əlizamin Şükürov 7 il, Samir İsmayılov 2 il müddətinə azadlıqdan məhrum edilib. Digər şəxslərə isə şərti cəza verilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər - Əlizamin Şükürov və Samir İsmayılov apelyasiya şikayəti veriblər. Onlar barələrində şərti cəza verilməsini istəyiblər.
Dövlət ittihamçısı isə apelyasiya protesti verərək təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib.
Tərəflərin şikayətləri araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, təqsirləndirilən şəxslərin apelyasiya şikayəti təmin edilməyib.
Dövlət ittihamçısının apelyasiya protesti isə təmin olunub.
Belə ki, birinci instansiya məhkəməsinin Samir ismayılov və Anar Cəfərzadə ilə bağlı çıxardığı hökm dəyişdirilib.
Samir İsayevin 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası 3 ilə qədər artırılıb.
Anar Cəfərzadənin qazancından 15 faiz dövlət nəfinə tutulmaqla ona 1 il islah işləri cəzası təyin olunub. O, təyin olunmuş islah işləri cəzasını iş yeri üzrə çəkməli və cəza çəkmə müddətinin əvvəli qazancından ilk məblğin dövlət nəfinə tulduğu andan hesablanıb.