Lisenziyası ləğv edilmiş “RoyalBank” ASC-nin təsisçisi Cam Əli Məhəmmədhəsən oğlu həbs edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə e-huquq.az-a onun vəkili İlkin Mustafa məlumat verib.
Vəkil bildirib ki, C. Əli bir müddət əvvəl həbs edilib.
Vəkilin sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxs ona qarşı irəli sürülən ittihamları qəbul etmir:
"29 oktyabr 1953-cü il təvəllüdlü, İran İslam Pespublikasının Ərdəbil şəhərində anadan olmuş, İran İslam Respublikasının və Amerika Birləşmiş Ştatlarının vətəndaşı Cam Əli Məhəmmədhəsən oğlu 1991-ci ildən, yəni Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra Azərbaycan Respublikasına gələrək biznes fəaliyyətinə başlamışdır. Cam Əli ona inanan bir çox xarici investorların Azərbaycan iqtisadiyyatına 1,5 millyarda qədər investisiyaların cəlb edilməsinin təşəbbüskarlarından biridir. O, hətta şəxsən özünə məxsus 26 millyona qədər vəsaiti Azərbaycana gətirmiş, burada “RoyalBank” ASC-ni təsis etmişdir. Bundan əlavə, o xarici konsorsiumlarla birlikdə neft hasilatı ilə bağlı 1994-cü ildə “Əsrin Müqaviləsi”nin hazırlanmasının, imzalanmasının aktiv iştirakçılarındandır. Həmçinin də, “Azəri”, “Çıraq”, “Şahdəniz” yataqlarının istismara verilməsi üçün imzalanmış neft kontraklarının hazırlanmasında fəal iştirak etmişdir. Təssüflər olsun ki, hazırda Cam Əli əsassız ittihamlarla ittiham edilərək həbs edilmiş, onun barəsində Prokurorluq tərəfindən istintaq aparılır. Guya o, fəaliyyəti zamanı küllü miqdarda maliyyə vəsaitini mənimsəmiş və vergi ödəməkdən yayınmışdır. Lakin tam əminliklə söyləmək olar ki, bütün bu ittihamların heç bir əsası yoxdur".