1 Yanvar 2020 16:55
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 28 yaşlı oğlan bıçaqlamaqda təqsirli bilinən 1978-ci il təvəllüdlü Natiq Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, ötən il avqustun 12-də saat 17 radələrində Suraxanı rayonunun Zığ qəsəbəsində Natiq Məmmədovla 1991-ci il təvəllüdlü Murad Cavadov mübahisə edib.

Mübahisə zamanı Natiq məmmədov Murad Cavadovu kürək nahiyəsində bıçaqla vurub.

Yaralı dərhal 3 saylı Şəhər Kliniki Xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsinin və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Natiq Məmmədov tutulub.

Məlum olub ki, Natiq Məmmədov əvvəllər Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrdən istifadə etmə, yayma və daşıma) maddəsi ilə məhkum olunub.

Məhkəmədə ifadə verən Natiq Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

Növbəti proses yanvarın 13-nə təyin edilib.

İstintaq orqanı tərəfindən Natiq Məmmədovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər