Şabran rayonunda bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 1960-cı il təvəllüdlü Tahir Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, sərxoş vəziyyətdə olan qardaşlar - Tahir Əhmədov və Cabir Əhmədov əvvəlcə mübahisə ediblər.
Tahirin Şabrandakı evində olan mübahisə əlbəyaxa davaya çevrilib.
Tahir Əhmədov mətbəxdən götürdüyü bıçaqla qardaşına bir neçə zərbə vurub. Yaralıya xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Tahir Əhmədovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tahir Əhmədov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Tahir Əhmədov apelyasiya şikayəti verərək işin hallarını və səhhətini nəzərə alaraq onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib.
Təqsirləndirilən şəxs apelyasiya şikayətini belə əsaslandırıb ki, o, qardaşını bacaqla vurmayıb, dalaşanda qardaşı yerə yıxılıb və kabab şişi onun qarnına batıb.
Tahir Əhmədov qeyd edib ki, ibtidai istintaq orqanı heç bir aradırma aparmadan və məhkəmə-tibbi ekspertizası keçirmədən mətbəxdən bıçaq götürərək qardaşını vurmaqda təqsirləndirib.
Təqsirləndirilən şəxs hesab edib ki, cinayət işinin hallarının düzgün araşdırılması üçün məhkəmə-tibbi ekspertizası keçirilməli, ekspertə zərər çəkmiş şəxs və ona dəyən şiş təqdim edilməlidir.
Sumqayıt Apelyasiya Məhkəməsi Tahir Əhmədovun şikayətini təmin etməyib.