15 Fevral 2020 14:32
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda ittiham olunan Ağsu şəhər sakini, 1990-cı il təvəllüdlü Ülvi Mirzəyev və onun tanışı Şirəli Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Ülvi Mirzəyev tanışı Şirəli Rzayev və şəxsiyyətləri istintaqa məlum olmayan Vəli, Coşqun və Orxan adlı şəxslərlə cinayət əlaqəsinə girib.

Onlar Sumqayıt şəhəri, 18-ci mikrayon, “Daş bazarı” ilə üz-üzə, “İskra” şirkətinin ərazisində yerləşən dəmir məmulatların alqı-satqısı və icarəyə verilməsi ilə məşğul olan Pərvin Nuriyevdən ümumi dəyəri 5280 manat olan 176 ədəd dəmir dirək və ümumi dəyəri 1500 manat olan 300 kvadrat metr dəmir ayaqaltıları 15 günlük icarə adı ilə götürüblər.

Həmin dəmirləri sataraq Pərvin Nuriyevə ümumilikdə 6780 manat məbləğində maddi ziyan vurublar.

İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib.

Abşeron rayon Məhkəməsinin hökmü ilə hər iki təqsirləndirilən şəxsin barəsində 3500 manat miqdarında cərimə olunublar.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror təqsirləndirilən şəxslərdən Ülvi Mirzəyevin cəzasının ağırlaşdırılmasını istəyib.

Prokurorun protesti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elman Əhmədovun sədrliyi ilə baş tutan iclasda prokurorun protestinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Məhkəmə prokurorun protestini təmin edib və Abşeron rayon Məhkəməsinin hökmünü dəyişib. Yeni hökmə əsasən, Ülvi Mirzəyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il sınaq müddəti olmaqla 2 il 6 ay 28 gün müddətinə şərti cəza təyin olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər