28 Fevral 2020 01:16
1 272
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda kriminal avtoritet Mübariz Bubaqlının qətlə yetirilməsinə görə həbs edilənlərin məhkəməsi davam etdirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Taleh Cəlalov, Səxavət Hüseynov, Vüsal Hüseynov və İmran Bədirovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmiş Nazim Qədirov ifadə verib.

Məlum olub ki, Nazim Qədirov Mübariz Budaqlının qətlə yetirildiyi maşının sahibi olub və hadisə zamanı da maşını o idarə edirmiş.

Sərbəst ifadə verən Nazim Qədirov deyib ki, hadisə günü Mübariz Budaqlı ilə görüşüblər. Onun dediyinə görə, həmin gün Mübariz Budaqlının həbs edilən Vüsal Hüseynov ilə görüşəcəyindən xəbərsiz olub:

"Mübarizin uşağı bağçada idi. Biz uşağı həkimə aparmalı idik. Amma gec olduğu üçün Mübariz dedi ki, indi həkim tapmaq olmaz. Mübarizin iki bacısı oğlu Elçin və Fuad da bizimlə maşında idi. Mübariz Elçinə dedi ki, uşağı bağçadan götürüb evə getsin. Elçin düşəndən sonra biz yola davam elədik.

Mübariz kiməsə zəng edib Binəqədidə avtoservis işlədən Vüsalın yerini soruşdu. Bir az gedəndən sonra Mübariz məndən maşını saxlamağımı istədi. Mən maşını yolun əks tərəfində saxladım. Fuad maşından düşüb həmin servisə tərəf getdi. Mübariz ona demişdi ki, Vüsalın orada işləyib-işləmədiyini soruşsun. Fuad yolu keçib servis tərəfə getdi. Mən və Mübariz maşında oturmuşduq. Bir az sonra yolun o tərəfində Fuad və Vüsal göründü. Mübariz maşından düşüb Vüsalın arxasınca qaçdı. Onlar servisə girəndən sonra oradan 6-7 nəfərin çölə qaçdığını gördüm. Maşından düşəndə Mübarizlə Fuadın mənə tərəf gəldiyini gördüm. Sərgidən çıxanlar telefonla mənim maşınımı çəkirdi. Mən Mübarizgilə dedim ki, tez gəlin, buradan gedək. Fikirləşdim ki, "102"yə zəng edərlər, problem yaranar. Mən məsələnin bu dərəcəyə gəlib çatacağını bilməzdim. Maşına əyləşib oradan uzaqlaşdıq. 3-4 dəqiqə getmişdik ki, arxadan bir maşın yaxınlaşıb sol tərəfimə keçdi. Sürücü əl edib maşını saxlamağımı istədi. Mən saxlamayıb davam elədim. Sonra maşında olan bir nəfərin əlində silah gördüm və eşitdim ki, kimsə dedi ki, "at, at". Mən elə həmin an maşının sürətini artırdım. O zaman atəş açıldı. Güllə mən tərəfdən keçdi, digər tərəfdən çıxdı. Qırmalar mənim sol qolumu yaraladı. Qanım Mübarizin üstünə sıçradı. O dedi bəlkə güllə kiməsə dəyib. Mən dedim ki, heç kimə dəyməyib. Mübariz sanki şokda idi.

Mən maşını sürüb qaçmaq istədim. 500-600 metrdən sonra arxadan kimsə məni maşınla vurdu. Mən yenə də sürəti artırdım. İkinci dəfə də arxadan bizi vurdular. Binəqədi ərazisində qarşıma maşın çıxdı. Mən məcbur olub maşını saxladım. Biz 5 saniyə istəyirdik ki, maşını qoyub qaçaq. Çünki tıxac idi və maşınla gedə bilməzdik. Dedik ki, hərəmiz bir tərəfə qaçaq. Maşını saxlayan kimi mən düşüb qaçdım. Yaxınlıqdakı tikintinin həyətinə keçdim. Qanımı təmizləyib 2-3 saat orada gözlədim. Sonra internetdən öyrəndim ki, Mübariz qaça bilməyib, onu vurublar. Kimin vurduğunu bilməmişəm. Sonradan öyrəndim ki, Vüsal vurub".

Nazim Qədirov suallara cavab verən zaman məlum olub ki, Mübariz Budaqlı ilə 2001-ci ildən- universitetdə təhsil alan zamandan dost olub.

Onun sözlərindən aydın olub ki, Mübariz Budaqlı bir neçə il imiş ki, həbsxanda olub və hadisədən bir neçə gün əvvəl azadlığa çıxıbmış.

Hakim Nazim Qədirovdan Vüsalla Mübariz arasındakı qanlı hesablaşmanın səbəbini soruşub. O, bu haqda açıq şəkildə danışmaq istəməyib: "Çox mənasız bir söhbət olub. Deyərəm ki, uşaq söhbəti, cavanlıq səhvi. Buna görə də aralarında mübahisə olub. Mübariz həbsdən çıxandan bir yerdə idik. Vüsalla söhbətlərinin bu dərəcədə olduğunu bilmirdim".

Nazim Qədirovdan soruşulub ki, Mübariz üzərində silah gəzidiribmi? O deyib ki, Mübarizdə nə odlu silah, nə də bıçaq görüb.

Bu iş üzrə əsas məsələlərdən biri Vüsalın qardaşı Səxavətin də bu qətldə iştirak edib-etməməsidir. Səxavət bu işə görə həbs edilsə də özünü günahkar saymır. Deyir ki, hadisədən xəbər tutandan sonra maşınla qardaşının arxasınca gəlib və baş verə biləcək xoşagəlməz hadisənin qarşısını almaq istəyib.

Bu epizodla bağlı Nazim Qədirovdan soruşulub ki, Səxavət onun idarə etdiyi maşını sıxışdırıbmı, onlara mane olmağa çalışıbmı?

Nazim Qədirov bildirib ki, Şəxavətin və üçüncü maşının orada olmasını hadisədən sonra bilib.

Məhkəmə araşdırması davam etdirilir.

Qeyd edək ki, həbs edilənlər kriminal avtoritet Budaqlı Mübariz Mürsəl oğlunu öldürməkdə şübhəli bilinərək həbs ediliblər. Səs-küylü cinayət hadisəsi Binəqədi rayonunda baş vermişdi. Mübariz Budaqlı avtomobildə güllələnərək qətlə yetirilmişdi. Hadisə zamanı Mübariz Budaqlının yanında daha iki nəfər olub. Mübariz Budaqlı avtomobildə sürücünün yanında əyləşib. Sosial şəbəkədə yayılan görüntülərdən aydın olur ki, Taleh belində olan silahla Mübarizə bir dəfə atəş açır. Mübariz baş nahiyyəsindən aldığı güllə ilə hadisə yerində dünyasını dəyişir.

Bildirək ki, qətli törətməkdə şübhəli bilinən şəxslər 10-GD-021 qeydiyyat nişanlı “BMW X5” markalı avtomobillə hadisə yerindən qaçan zaman ərazidə xidmət aparan Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin 246 saylı YPX avtomobilinin müfəttişləri tərəfindən saxlanılıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər