28 Fevral 10:35

İsmayıllı rayonunda həmkəndlilərinin evindən oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən verilən məlumata görə, rayonun İvanovka kənd sakini bir qadın Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq ona məxsus evdən özünün olmadığı müddətdə qızıl-zinət əşyaları, pul və müxtəlif medalların oğurlanması barədə məlumat verib.

Müraciət aidiyyatı üzrə İsmayıllı rayon polis şöbəsinə yönləndirilib. Polis şöbəsi əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Zərərçəkmişə məxsus evdən 860 manat dəyərində qızıl-zinət əşyalarının, 124 manat pulun və müxtəlif medalların oğurlanması müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndliləri 22 yaşlı Heydər Rezvanov və 24 yaşlı Nikolay Skokov saxlanılıb. Onlar törətdikləri cinayət əməlini etiraf ediblər, oğurladıqları qızıl-zinət əşyalarını Göyçay və İsmayıllı rayonlarında qızıl alqı-satqı məntəqələrinə satdıqlarını bildiriblər.

Faktla bağlı saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.


Müəllif: Hacı Zeynalov