7 Aprel 2020 10:53
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Hindistan və Banqladeş vətəndaşlarının düşdüyü qəzada təqsirli bilinən Mehman Ağayev və Habil Mirzəyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Faiq Qəniyevin icraatına verilib.

Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə prosesi başlanacaq.

İttihama görə, ötən il iyunun 17-də Bakı-Qazax yolunun 22-ci km-də Qaradağ rayonu ərazisində Bakı şəhər sakini Habil Mirzəyev idarə etdiyi "Toyota Prado" markalı avtomobili qarşıda gedən paytaxt sakini Mehman Ağayevin idarə etdiyi "Ford" markalı mikroavtobusa vurub və zərbədən "Ford" markalı avtomobil yol ayırıcısına çırpılaraq aşıb.

Nəticədə mikroavtobusdakı sərnişinlərdən Hindistan vətəndaşları - Jayachandran Prasad, Madhavan Muthukumar və Maruthamuthu Gopal hadisə yerində ölüb, Banqladeş vətəndaşları Ruhula Amin, Allan Zahangir, Muhammel Arşad, habelə "Toyota Prado"dakı sərnişin, Bakı şəhər sakini Qızılgül İbrahimova xəstəxanaya yerləşdiriliblər.

İstintaq araşdırması zamanı hər iki sürücünün hadisənin törədilməsində günahkar biliniblər.

Onların barəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər