Bakıda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi və Ələhiddə Çevik Polis Bölməsinin əməkdaşları daxil olan məlumat əsasında əməliyyat keçirib.
Əməliyyat zamanı Cinayət Məcəlləsinin 234-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə axtarışda olan Cəlilabad rayon sakinləri - 1985-ci il təvəllüdlü F.Tomarov və 1986-cı il təvəllüdlü Q.Həsənov saxlanılıb.
Baxış zamanı Q.Həsənovun üzərindən 52 qram marixuana, 0,5 qram metadon, 22,865 metamfetamin, 2,049 qram tiryək, 115,894 qram heroin aşkar edilib.
Bundan başqa, Binəqədi rayon Polis İdarəsinin və Post Patrul Bölüyünün əməkdaşları məlumat əsasında Abşeron rayon sakini, 1988-ci il təvəllüdlü A.Alxanovu saxlayıb.
Saxlanılan şəxsin üzərinə baxış keçirilərkən ondan 0,231 qram heroin, 1,998 metamfetamin 0,104 metadon götürülüb.
Hər iki faktla bağlı cinayət işi başlanıb.