28 Aprel 2020 14:04
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xırdalan şəhərində çay evində dava salmaqda ittiham olunan 1984-cü il təvəllüdlü Zaur Allahverdiyevin məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Zaur Allahverdiyev 17 avqust 2018-ci il tarixdə, gecə saat 00.10-da Xırdalan şəhərindəki“Vedi” çay evində tanışı Mafus Abasəliyev ilə yeyib-içib.

Sərxoş olan Zaur Allahverdiyevlə Mafus Abasəliyevin zarafatlaşması səbəbindən aralarında mübahisə yaranıb. Onlar çay evinin qarşısına çıxıblar. Mafus mübahisəyə görə Zaura irad bildirib.

Zaur Allahverdiyev heç bir əsaslı səbəb olmadan Mafus Abasəliyevlə əlbəyaxa olub, köynəyinin yaxasını cırıb, uca səslə nalayiq söyüşlər söyüb.

Daha sonra Zaur Mafusu döyərək, ona müxtəlif dərəcəli bədən xəsarəti yetirib.

İstintaq orqanı tərəfindən Zaur Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.

Abşeron rayon Məhkəməsinin hökmü ilə Zaur Allahverdiyev 1 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Zaur Allahverdiyev apelyasiya şikayəti verib.

O, apelyasiya şikayətinin verilmə müddətinin buraxılması ilə bağlı müddətin bərpasını, şikayətinə baxılmasını, həbsdən azad olunmasını istəyib.

Sumqayıt Apelyasiya Məhkəməsində hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə baş tutan iclasda Zaur Allahverdiyevin şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.

Apelyasiya şikayəti təmin edilməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər