Abşeron rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən İlkanə Nəbiyeva və Samir Abiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi baxılması üçün jakim Cavid Hüseynovun icraatına verilib.
Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.
İttihama görə, “İkoş” ləqəbli narkotacir, 1996-cı il təvəllüdlü İlkanə Nəbiyeva Mehdiabad polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə tutularaq məsuliyyətə cəlb olunub.
Onun yaşadığı Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 10, mənzil 12-yə baxış keçirilən zaman, oradan küllü miqdarda xüsusi bükümdə olan 4,537 qram heroin, 9,485 qram metadon, 1 qram da metofetamin, bir ədəd tərəzi və digər narkotik maddələr tapılaraq aktlaşdırılıb.
İlkanə Nəbiyeva bütün maddi sübutlarla polis bölməsinə gətirilib. O, bu işlə iki ildir məşğul olduğunu və 8 aydır heroin satdığını bildirib.
İstintaq onunla birlikdə Samir Abiyevi də məsuliyyətə cəlb edib.
Hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan edilib.