5 İyun 2020 14:17
3 833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən Vüsal Rəfiyev və Vüsalə Məmmədşərifovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Vüsal Rəfiyev qardaşı arvadı ilə birlikdə qardaşı Dursun Rəfiyevi öldürüblər.

Belə ki, Vüsalə Məmmədşərifova 2008-ci ildən Dursun Rəfiyevlə qeyri-rəsmi nikah münasibətlərində olub. Onların arasında mütəmadi ailə münaqişəsi baş verib.

Spirtli içki alüdəçisi olan Dursun Rəfiyev 25 mart 2018-ci ildə saat 21.30-da Qəbələ rayonunun Tikanlı kəndində yaşadıqları 1 mərtəbəli 1 otaq və dəhlizdən ibarət çiy kərpicdən tikilmiş evə sərxoş vəziyyətdə gəlib. O, evə girən kimi arvadı Vüsalə Məmmədşərofovadan yemək tələb edib, münaqişə yaratmaqla onu döyüb.

Mütəmadi döyülən qadın qisas məqsədi ilə əri Dursun Rəfiyevi öldürmək qərarına gəlib. Döşəmədən götürdüyü kərpiclə onun başının sağ və sol hissələrindən 2 zərbə vurub.

Bu vaxt həmin həyətdə ailəsi ilə birlikdə yaşayan Vüsal Rəfiyev səs-küy eşidərək ora gəlib, qardaşının baş nahiyəsindən kərpiclə zərbə vurularaq xəsarət aldığını görüb.

Vüsal Rəfiyev qardaşı Dursun Rəfiyevin əvvəllər də mütəmadi ailə münaqişəsi yaratmasından, tez-tez həyat yoldaşı və onunla dava-dalaş salmasından, onu, ailə üzvlərini nalayiq şəkildə təhqir edərək hədələməsindən bezdiyinə görə cinayətə qoşulmaq qərarını verib. Evin divar barısının aşağı hissəsindən çıxararaq götürdüyü kərpic parçası ilə dizi üstə yerdə başı aşağı vəziyyətdə xırıldayan qardaşı Dursun Rəfiyevin başının arxasından bir zərbə vurub.

Dursun Rəfiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Gəlin-qayın Dursun Rəfiyevi öldürdükdən sonra birlikdə törətdikləri ağır cinayətin izlərini itirmək niyyətinə düşüblər.

Vüsal Rəfiyev Vüsalə Məmmədşərifova ilə birlikdə Dursun Rəfiyevin meyitini sürüyərək həyətyanı sahədə yerləşən tualetin quyusuna atıb, üstünü torpaqla basdırıblar.

İstintaq müəyyən edib ki, Rəfiyevlər ailəsi 2015-ci ildən münaqişəli ailə kimi polis şöbəsində qeydiyyatda olublar. Qəbələ rayon sakini Vüsalə Məmmədşərifova ilə Dursun Rəfiyev arasında tez-tez müxtəlif səbəblərdən söz-söhbət olub.

Dursun Rəfiyevin axtarışları ilkin olaraq Mingəçevirdə aparılıb. Martın 25-də naməlum şəraitdə yoxa çıxan Dursun Rəfiyevin xanımı Vüsalə Məmmədşərifova ailə üzvlərinə onun işləmək üçün Mingəçevirə getdiyini deyib.

Bu səbəbdən bir neçə gün sakitlik olub. Lakin Dursunla əlaqə saxlaya bilməyən atası narahat olmağa başlayıb və polisə onun itkin düşməsi ilə bağlı müraciət edib.

Hüquq-mühafizə orqanları müəmmalı itkindüşmə ilə bağlı dərhal araşdırmalara başlayıb və özünü şübhəli aparan Vüsalə nəzarətə götürülüb.

Çox keçmədən Vüsalənin qaynı, 4 uşaq atası Vüsalla birgə həyat yoldaşını öldürdüyü məlum olub.

İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 18 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Vüsal Rəfiyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, qeyd edib ki, qardaşı Dursun Rəfiyevin qətlində heç bir əli olmayıb, bu hadisədən xəbərsiz olub.

Vüsal Rəfiyev barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Vüsalə Məmmədşərifova da apelyasiya şikayətində cəzasının yüngülləşdirilməsini istəyib.

Şəki Apelyasiya Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə baş tutan iclasda tərəflərin şikayətlərinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub. Məhkəmə onların apelyasiya şikayətlərinin təmin etməyib.

Bu qərardan narazı qalan Vüsal Rəfiyev eyni tələblə kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim İmran Hacıqayıbovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda şikayət təmin olunmaması ilə bağlı qərar qəbul edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər