Bakının Xətai rayonunda qətl hadisəsi törətməkdə ittiham olunan 1996-cı il təvəllüdlü İsmayıl Ağasənovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Teleqraf.com xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim Cavid Hüseyninin sədrliyi ilə baş tutan iclasda təqdimat təmin olunub.
İsmayıl Ağasənovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 aya qədər uzadılıb.
İttihama görə, bu ilin fevralın 9-na keçən gecə saat 23 radələrində Xətai rayonu Zığ yolu 22 ünvanında yerləşən marketdə satıcı işləyən 1958-ci il təvəllüdlü Bəxtiyar Yusif oğlu Əliyev bıçaqlayaraq öldürülüb. Onu 1996-cı il təvəllüdlü qonşusu İsmayıl Ağasənovun öldürdüyü üzə çıxıb.
Məlum olub ki, 24 yaşlı İsmayıl pul əldə etmək üçün gecə saatlarında bıçaq götürərək 62 yaşlı Bəxtiyar Əliyevin satıcı işlədiyi marketə basqın edib. O, özündən 38 yaş böyük şəxsə bıçaqla ağır zərbə endirib. Yaralı daha sonra hadisə yerinə gələn şəxslərin köməkliyi ilə Sabunçudakı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
İstintaq orqanı tərəfindən İsmayıl Ağasənəovun barəsində Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Xətai rayon Prokurorluğunda istintaq davam edir.