8 İyun 2020 14:05
3 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində iki bacını öldürməkdə təqsirli bilinən Gədəbəy rayon sakini, 1962-ci il təvəllüdlü Sənan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Sənan Məmmədov qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu 1960-cı il təvəllüdlü Rəna Nəbiyevanın evində olarkən onunla həmin ünvanda yaşayan bacısı, 1939-cu il təvəllüdlü Zəhra Abdullayevanın şam yeməyindən sonra baş ağrısından narahatçılıq keçirdiyini görüb.

Sənan Məmmədov ona üzərində olan və özünün istifadə etdiyi “Kofein” adlı ağrıkəsici həbi verib. Bu həbi verdikdən bir müddət sonra Zəhra Abdullayevanın halının bir qədər də pisləşdiyini görən Rəna Nəbiyeva bacısının vəziyyətinin ağırlaşmasında Sənan Məmmədovu günahkar bilib.

Buna görə, onların aralarında mübahisə yaranıb. Sənan Məmmədov Rəna Nəbiyevanın nalayiq ifadələrindən əsəbləşərək evin yataq otağında yumruq zərbələri ilə onu vurub.

Rəna Nəbiyeva aldığı zərbədən çarpayıya yıxılıb. Onun bir daha Sənan Məmmədovun vəfat etmiş valideynlərinin ünvanına nalayiq sözlər işlətməsindən daha da qəzəblənib. Çarpayının üzərində olan Rəna Nəbiyevanm üstünə çıxıb və müqavimətini qırmaq üçün hər iki qolunu özünün ayaqlarının altına alıb, hər iki əli ilə onun boğazından tutaraq möhkəm sıxıb. Rəna Nəbiyeva həmin vaxt vəfat edib.

Sənan Məmmədov Rəna Nəbiyevanın bacısı Zəhra Abdullayevanın hüquq-mühafizə orqanlarına məlumat verəcəyindən ehtiyatlanıb. O, törətdiyi cinayəti gizlətmək məqsədilə Zəhrə Abdullayevanı da öldürmək qərarına gəlib.

Sənan Məmmədov evin digər yataq otağında çarpayıda uzanmış və halsız vəziyyətdə olan, həmçinin yaşı və səhhəti ilə bağlı fiziki göstəricilərinə görə müqavimət göstərmək, özünü müdafiə etmək iqtidarında olmayan Zəhrə Abdullayevaya yaxınlaşaraq onu da eyni üsulla qətlə yetirib.

Daha sonra törətdiyi dəhşətli cinayətin izini itirmək üçün hər iki bacının qazdan boğulmasını görüntüsünü yaradıb. O, evin mətbəxində olan qazı açıb və oranı tərk edib.

Amma hüquq-mühafizə orqanlarında aparılan araşdırmalar zamanı məlum olub ki, hər iki bacı boğularaq öldürülüb.

Bu səbəbdən istintaqçılar ilkin olaraq Rəna Nəbiyevanın qeyri-rəsmi yaşadığı Sənan Məmmədovu şübhəli biliblər. İstintaqçılar dindirmə zamanı onun töətdiyi əməli subuta yetiriblər.

İstintaq orqanı tərəfindən Sənan Məmmədovun barəsində Cinayət Məcəlləsini 120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 120.2.10-cu (təkrar adam öldürmə) maddələri ilə ittiham elan edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sənan Məmmədov ömürlük azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Sənan Məmmədov apelyasiya şikayəti verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Qeyd edib ki, işdə təqsirini sübut edəcək mötəbər sənəd yoxdur. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə Sənan Məmmədovun şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan Sənan Məmmədov kasasiya şikayəti verib. O, barəsində olan işə apelyasiya intansiyasında yenidən baxılması barədə qərar verilməsini istəyib.

Sənan Məmmədovun kasasiya şikayətinə Ali Məhkəmədə baxılıb. Hakim heyəti onun kasasiya şikayətini təmin etməyib.


Müəllif: Hacı Zeynalov