9 İyun 2020 14:05
2 380
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qəsdən adam öldürməyə cəhddə ittiham olunan Raznobarskiy Yan Tairoviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Yan Raznobarskiy Murad Seyidovla razılığa əsasən sonuncunun arvadına məxsus Əmircan qəsəbəsi, E.Həsənov küçəsindəki evə görə 15000 manat pul verib, qalan 25.472 manat pulu ipoteka yolu ilə təxminən 1 ay müddətində ödəyəcəyini bildirib.

Göstərilən müddətdə pulu verə bilməyən Yyan Raznobarskiy Murad Seyidovdan dəfələrlə möhlət istəsə də, borcunu ödəməyib.

Sonuncu dəfə, o borcunu tam şəkildə verəcəyini, əks halda alqı-satqı müqaviləsi yolu ilə qızı Məryəm Əzimovanın adına keçirilmiş evi qaytaracağına dair öhdəlik götürüb, amma onu da yerinə yetirməyib.

Bundan sonra Yan Muradı öldürmək qərarına gəlib. 1992-ci ildən qanunsuz olaraq əldə edib, özündə saxladığı, atəş açmağa yararlı olan 16 kalibrli qoşalülə tüfəng kəsiyini götürərək Murad Seyidovu Əmircan qəsəbəsində "Dostluq" kafesinə dəvət edib.

Kafenin otağında Murada onu gözləməyi tapşıran Yan həyətdəki taksi maşınının saxlanc yerindən selofan torbaya bükülmüş silahı götürüb, geri qayıdıb. Atəş açaraq Murad Seyidova xəsarət yetirib.

Murad Seyidov yaralanmasına baxmayaraq, özünü itirmədən onu yerə yıxıb və silahı əlindən alıb, kabinetin qarşısından kənara atıb. Atəş səsinə və zərərçəkənin çağırışlarına gələn kafe işçiləri Murad Seyidovu vaxtında xəstəxanaya çatdırıblar.

İstintaq orqanı tərəfindən Yan Raznobarskiy barəsində Cinayət Məcəlləsinin 29, 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Məhkəmə prosesində Yan Raznobarskiy elan edilən ittiham üzrə özünü təqsirli bilməyib. Qeyd edib ki, Murad Seyidovu öldürmək niyyəti olmayıb. Niyyəti onu qorxutmaq və hədə-qorxu yolu ilə yaranmış mülki mübahisədən irəli gələn məsələlərin həll edilməsi olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yan Raznobarskiy 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Yan Raznobarskiy apelyasiya şikayəti verib. O, barəsində olan hökmdən Cinayət Məcəlləsinin 29,120.2.5-ci maddəsinin xaric edilməsini istəyib. O, əməlini ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurma kimi yenidən tövsif edilməsinə dair qərar qəbul edilməsini xahiş edib.

Bir müddət əvvəl Bakı Apelyasiya Məhkəməsində işə baxan hakim heyəti Yan Raznobarskiyin apelyasiya şikayətini təmin etməyib.

Bu qərardan narazı qalan Yan Raznobarskiy kasasiya şikayəti verib. O, kasasiya şikayətində işinə yenidən baxılmasını istəyib.

Ali Məhkəmənin qərarı ilə Yan Raznobarskiyin kasasiya şikayəti qismən təmin edilib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv olunub, işin yenidən apelyasiya intansiyasında baxılması barədə qərar qəbul edilib.

Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə baş tutan iclasda Yan Raznobarskiyin şikayəti yenidən araşdırılıb, sonda onun şikayətinin təmin edilməməsi barədə qərara qəbul edilib.

Bu qərardan narazı qalan Yan Raznobarskiy yenidən kasasiya şikayəti verib. Ali Məhkəmənin Cinayət Kollegiyasında onun kasasiya şikayətinə baxılıb, sonda qərar verilib.

Yan Raznobarskiyin kasasiya şikayəti təmin olunmayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər