Zaqatala rayon polis şöbəsi və Baş Dövlət Yol Polisi İdarəsinin yol patrul xidməti alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Məlumata görə, Dövlət Yol Polisinin stasionar postunda taksi fəaliyyəti ilə məşğul olan "VAZ 2106" markalı avtomobilin sürücüsünə "saxla" əmri verilib.
Həmin avtomobildə sərnişin qismində əyləşən Gəncə şəhər sakini Rüstəm Məmmədovun narkotik vasitə istifadə etməsinə və üzərində daşımasına dair əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşları tərəfindən R.Məmmədov saxlanılaraq polis şöbəsinə gətirilib.
Şəxsi axtarış zamanı ona məxsus çantadan 3 kiloqram 500 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.
Faktla bağlı Zaqatala rayon polis şöbəsində araşdırma aparılır.