15 Avqust 2020 10:44
438

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan 1956-cı il təvəllüdlü Məmmədağa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Məmmədağa Məmmədov 23 iyun 2019-cu il tarixdə İran İslam Respublikasının Astara şəhərində şəxsiyyəti müəyyən edilməmiş şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gizli keçirmə barədə qabaqcadan əlbir olub.

Əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətinə uyğun olaraq, Məmmədağa Məmmədov həmin tarixdə orada cinayətkar qrupun şəxsiyyəti müəyyən edilməmiş üzvündən 3 bükümdə ayrı-ayrılıqda 67,367 qram, 24,950 qram, 0,726 qram olmaqla, ümumilikdə külli miqdarda, 93,043 qram olan heroin narkotik vasitəsi, 2 bükümdə, ayrı-ayrılıqda 4,928 qram və 1,244 qram olmaqla, ümumilikdə külli miqdarda 6,172, qram metamfetamin psixotrop maddəsi, 2 bükümdə külli miqdarda tərkibindəki metadon narkotik vasitənin təsiredici maddəsinin miqdarı 3,78 qram təşkil edən 93 ədəd bütov metadon həbi və 03 ədəd medaton həbinin parçasını satış məqsədi ilə əldə edib.

Məmmədağa Məmmədov malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə həmin narkotik vasitələri düz bağırsağına yerləşdirib və Azərbaycan Respublikasına gətirib.

Məmmədağa Məmmədov iyunun 23-də, saat 21 radələrində Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədində həbs olunub.

İstintaq orqanı tərəfindən Məmmədağa Məmmədovun barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək), 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məmmədağa Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Məmmədağa Məmmədov apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.

Məmmədağa Məmmədovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Məmmədağa Məmmədovun apelyasiya şikayəti təmin olunmayıb.


Müəllif: Hacı Zeynalov