25 Avqust 2020 10:00
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rüşvət almaqda ittiham olunan “Fakt Araşdırıcı-N” MMC-nin təsisçisi və direktoru Zeynal Məmmədovun cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan iclasda əqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası avqustun 31-nə təyin edilib.

İttihama görə, “Fakt Araşdırıcı-N” MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Qida Təhlükəsizliyi Dövlət Agentliyindən daxil olan material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırma zamanı MMC-nin təsisçisi və direktoru Zeynal Məmmədovun 2017-2020-ci il tarixlərdə rəhbərlik etdiyi cəmiyyətə işə götürmək adı ilə vətəndaşlardan ümumilikdə 31 epizod üzrə cəmi 17 min manat məbləğində pulu bir neçə dəfə rüşvət kimi istəyərək almasına əsaslı şübhələr müəyyən edilib.

Araşdırmalarla həmçinin, Zeynal Məmmədovun öz qulluq mövqeyindən istifadə etməklə aldığı rüşvətin həqiqi mənbəyini gizlətmək məqsədilə ianə adı altında rəsmiləşdirmək üçün rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək maliyyə əməliyyatları həyata keçirib həmin pul vəsaitini təkrarən leqallaşdırmasına şübhələr üçün əsaslar müəyyən edilib.

İstintaq orqanı tərəfindən Zeynal Məmmədovun barəsində Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma), 193-1.2.2, 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş küllü miqdarda pul vəsaitlərini qulluq mövqeyindən istifadə etməklə təkrar leqallaşdırma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Zeynal Məmmədova həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər