Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Aygün Kazımovanın qardaşı Kazım Kazımzadə və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Kazım Kazımzadənin 12 il, Yaqub Kiyasovun 10 il, Olqa Polkovanın 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, “Əsgəroğlu-K” MMC-nin dələduzluqda təqsirləndirilən direktoru Kazım Kazımov, şirkətin direktor müavini Etibar Əkbərov, satış meneceri Yaqub Kiyasov və mühasib Olqa Polkovanın bundan əvvəl də cinayət işi olub. Belə ki, onlar vətəndaşları aldadaraq xeyli miqdarda pul mənimsəməkdə ittiham olunublar.
Əvvəlki cinayət işində 57 zərərçəkmiş şəxs istintaq tərəfindən tanınıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K. Kazımzadə 10 il, Y. Kiyasov 9 il müddətinə azadlıqdan məhrum edilib. Azadlıqda olan O. Polkova isə məhkəmə zalında həbs olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən E. Əkbərov barəsində isə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib. O, 3 ili sınaq müddəti olmaqla, 7 il şərti olaraq azadlıqdan məhrum edilib.
Onu da qeyd edək ki, yeni cinayət işində 100-dən çox zərərçəkmiş şəxs var.
Kazım Kazımov Azərbaycanın xalq artisti Aygün Kazımovanın qardaşıdır.
Hacı Zeynalov