9 Sentyabr 2020 20:00
6 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bıçaqlanma hadisəsi törətməkdə ittiham olunan Türkiyə vətəndaşı İsmail Aslanenin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, İsmail Aslane sərxoş vəziyyətdə tanışı Sehranə Gözəlovanı bıçaqlayıb. Qeyri-rəsmi münasibətdə olan cütlüyün arasında mübahisə rəsmi qaydada nikaha daxil olmaqla bağlı olub.

İstintaq orqanı tərəfindən İsmail Aslanenin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İsmail Aslane elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O qeyd edib ki, Türkiyə Respublikasının vətəndaşıdır və orada yaşayır: “Türkiyədə öz arvadımdan faktiki olaraq ayrılmışam. Lakin boşanma prosesi tam başa çatmamışdı. 2017-ci il tarixdə Seyranə Gözəlova ilə Türkiyə Respublikasında tanış olmuşam. Həmin vaxtdan Sehranə ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşamışam. Keçmiş arvadımdan boşanma prosesi tam başa çatmadığı üçün Sehranə ilə rəsmi nikaha daxil olmamışam. Sehranə ilə üç ilə yaxın Türkiyədə bir evdə yaşamışıq”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2020-ci il tarixdə o, Türkiyə Respublikasından Bakı şəhərinə gəlib və Sehranə ilə əlaqə saxladıqdan sonra onun yaşadığı ünvana gediblər: "Həmin tarixdə, təxminən saat 23.00-da Sehranənin yaşadığı mənzildə bir qədər araq içdim. Həmin vaxt Sehranənin oğlu Tural digər otaqda olub. Gecə vaxtı yataq otağında Sehranə mənə dediyi sözdən sonra aramızda mübahisə yarandı. Mübahisə zamanı həmin otaqda olan masanın üzərindəki mətbəx bıçağını götürdüm və bir dəfə öz qarın boşluğuma, bir dəfə də Sehranənin qarın nahiyəsinə zərbə endirdim. Zərbədən sonra bıçaq tutacaq hissəsindən qırıldı”.

İsmail Aslane qeyd edib ki, bundan sonra həmin otağa Sehranənin oğlu Tural gəlib: “Tural Sehranənin mobil telefonu ilə təcili tibbi yardıma zəng etdi, hadisə barədə məlumat verdi, mənzilə həkim çağırışı etdi. Həmin vaxt Sehranə mənim oradan getməyimi, əks halda polis əməkdaşlarının mənzilə gələrək məni tutacaqlarını bildirdi. Buna görə də mənzildən çıxdım, yaxınlıqda yerləşən “Al market” adlı mağazanın qarşısına getdim, orada əyləşdim. Bir qədər sonra polis əməkdaşları yaxınlaşaraq məni polis bölməsinə dəvət etdilər. Polis bölməsinə gedərək törətdiyim cinayət hadisəsini səmimi olaraq etiraf etdim”.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sehranə Gözəlova bildirib ki, 2017-ci il tarixdə İsmail Aslane ilə Türkiyə Respublikasında tanış olub və həmin vaxtdan İsmail ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşayıb: “İsmail ilə üç ilə yaxın Türkiyədə bir evdə yaşadıq. Türkiyə Respublikasında yaşadığım müddətdə İsmail ilə aramızda söz-söhbət və mübahisə oldu. Hətta Aslane İsmayıl məni döymw.dü. Buna görə Türkiyə Respublikasında polisə də müraciət etdim. Türkiyə hüquq-mühafizə orqanları Aslane İsmailin məndən uzaqlaşdırılması haqqında qərar da qəbul etdi. Bir müddət sonra yenə də Aslane İsmaillə bir yerdə yaşamağa davam etdim, aramızda baş vermiş münaqişəni hər ailədə olduğu kimi söz-söhbət kimi qəbul edərək onunla barışdım”.

Zərərçəkmişin sözlərinə görə, İsmail ilə arasında baş verən mübahisələrin səbəbi onun birinci arvadı ilə qanuni nikahına xitam verməməsi, onunla qanuni nikaha girə bilməməsi olub: “Amma heç vaxt İsmaili mənimlə qanuni nikaha girməyə məcbur etməmişəm. İsmail Türkiyə Respublikasından Bakı şəhərinə gələrək mənimlə əlaqə saxladıqdan sonra yaşadığım mənzilə gəldi”.

Sehranə Gözəlovanın sözlərinə görə, hadisə günü İsmail ilə birlikdə yaşadığı mənzildə əyləşib və bir qədər spirtli içki qəbul ediblər: “Həmin vaxt oğlum Tural digər otaqda olub. İsmail ilə birlikdə yataq otağında olan zaman aramızda mübahisə baş verdi. İsmail əsəbləşərək yataq otağında olan masanın üzərindəki mətbəx bıçağını götürdü və əvvəlcə öz qarın boşluğuna, daha sonra isə bir dəfə də mənim qarın nahiyəmə zərbə endirdi”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmail Aslane 4 il müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər