1 Oktyabr 2020 14:08
5 873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda arvadını qətlə yetirməkdə ittiham olunan 1965-ci il təvəllüdlü İlham Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, ötən il oktyabrın 9-da İlham Əkbərov Nizami rayonu ərazisindəki mənzilində 1983-cü il təvəllüdlü arvadı Cavahir Əkbərovanı qısqanclıq zəminində öldürüb.

İlham Əkbərovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsinə ittiham elan edilib.

İlham Əkbərov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

“Münasibətlərimiz kəskinləşdi”

İlham Əkbərov qeyd edib ki, təxminən 2003-2004-cü illərdə Cəvahir Əkbərov ilə rəsmi nikaha girərək evlənib və birgə nikahlarından hazırda 15 yaşı olan Rəşad və 9 yaşı olan Yusif adlı övladları doğulublar:

“20 ilə yaxın qardaşım Füzuli Əkbərovun mülkiyyətində olan mənzildə ailə üzvlərimlə birlikdə yaşamışam. Özüm Bakı şəhəri ərazisində ev alqı-satqısı ilə məşğul olmuşam. Cavahirlə əvvəllər mehriban yaşamışam. Təxminən 3-4 il olar ki, xırda ailə daxili münaqişələrimiz olub, son bir il ərzində isə münasibətlərimiz daha da kəskinləşib.

Arvadım 12 il ərzində heç bir yerdə çalışmayıb. Daha sonra bir müddət yaşadığımız əraziyə yaxın yerdə təndirxanada, təxminən 3 il əvvəl isə Bakı şəhəri, Sabunçu rayonu ərazisində ünvanını dəqiq bilmədiyim “Xeyir-şər evi”ndə qabyuyan - xadimə işləyib. Gündəlik 20 manat əməkhaqqı alıb.

Cavahirin həmin “Xeyir-şər evi”ndə məclis olduqda iş vaxtı saat 07-də başlayıb, axşam saat 17-19 radələrində bitib”.

“Cavan oğlanın şəklini gördüm”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, son dörd ay ərzində Cavahirin iş yerində cəmi üç dəfə olub, ondan əvvəl isə ora getməyib: “Cavahirin işləməyinə ümumiyyətlə razı olmamışam. Bir neçə dəfə bu barədə ona bildirmişəm. Cavahir işinin yaxşı olduğunu, istədiyi vaxt işlədiyi yeri görmək üçün oraya gedə biləcəyimi söylədi.

Təxminən bir il yarım bundan əvvəl yaşadığımız mənzildə övladlarım və Cavahirlə televizor izləyərkən, arvadımın diqqətlə telefona baxdığını gördüm. Telefonda belə vacib nəyə baxdığından şübhələndim. Telefonu onun əlindən aldım, ekranda cavan oğlanın şəklini gördüm və həmin şəklin kimə məxsus olduğunu soruşdum.

Cavahir həmin oğlanın işlədiyi mərasim evinin inzibatçısı Seymur olduğunu bildirdi. Ondan nə üçün Seymurun şəklinə baxdığını soruşdum. Arvadım sadəcə rastına çıxdığı üçün baxdığını söylədi. Buna görə də həmin hadisəyə çox da fikir vermədim”.

“Mənə xəyanət etməsindən şübhələnməyə başladım”

İlham Əkbərov qeyd edib ki, təxminən 3-4 ay əvvəl Cavahirin istifadəsində olan mobil telefon nömrəsinin “WhatsApp” proqramının statusunda “Uzaqdan uzağa sevməkdə biz birinci yerdəyik” yazısını qoyduğunu görüb: “Həmin vaxt Cavahirə zəng vuraraq nə üçün belə bir status paylaşdığını soruşdum. Cavahir onu elə-belə qoyduğunu dedi. Bu danışıqdan təxminən beş dəqiqə sonra arvadım yazını sildi.

Həmin statusun yazılmasından sonra Cavahirin mənə xəyanət etməsindən şübhələnməyə başladım. Hadisədən təxminən 4-5 gün əvvəl gecə saat 23 radələrində Cavahirin mobil telefonundan adını “Rəqsanə” kimi qeyd etdiyi, mənə Seymurun əmisi qızı olduğunu bildirdiyi şəxsə “WhatsApp” proqramı vasitəsilə sevgi xarakterli videoçarxlar göndərdiyini gördüm. Nə üçün belə etdiyini soruşdum. Cavahir Rəqsanənin həmin videoları “WhatsApp” proqramının statusunda gördüyünü və xahiş etdiyi üçün göndərdiyini söylədi.

Həmin vaxt Cavahirin telefonu səssiz rejimdə olduğundan bir daha şübhələndim. Növbəti gün yoxladıqda həmin videoların Cavahirin telefonunun “WhatsApp” proqramının statusunda olduğunu gördüm. Son vaxtlarda Cavahir mənimlə intim əlaqədə olmaqdan da çəkinir, mənə qarşı soyuq münasibət göstərirdi”.

“Seymurla birlikdə tək olublar”

Təqsirləndirilən şəxs bildirib ki, təxminən 2-3 ay əvvəl ev alqı-satqısından qazandığı 2000 manat pulu Cavahirə verərək işlərinin yolunda olduğunu söyləyib və işdən çıxmasını tələb edib: “Cavahir isə cavabında “10 min manat da versən, işimdən çıxmaram” dedi. İşi əziyyətli, amma azqazanclı olduğundan ora başqa məqsədlə getməsinə şübhələrim daha da artdı.

Cavahirin işlədiyi “Xeyir-şər evi”ndə məclis adətən saat 15 radələrində bitirdi. Bundan sonra həmin yerdə Seymurla birlikdə ya iki qabyuyan (Cavahir və Nazilə), ya da ümumiyyətlə sadəcə bir qabyuyan qalıb və axşama kimi onlar orada tək olublar.

Çox vaxt səhərlər arvadım işə gedərkən onun busqalterini özüm bağlamışam. Hadisədən təxminən bir həftə əvvəl Cavahir işdən qayıtdıqda köynəyini çıxardı, məndən busqalterini açmağımı xahiş etdi. Həmin vaxt busqalterin özünün bağladığı kimi sonuncu ilgəkdən deyil, birincidən bağlandığını, hətta tam olaraq da bağlanmadığını gördüm. Bu barədə Cavahirdən soruşdum. O, işlədiyi yerdə, çox güman, əyildikdə busqalterinin açıldığını söylədi”.

“Arvadımın yad kişiyə bu sözü deməsindən əsəbiləşdim”

İlham Əkbərov qeyd edib ki, hadisə baş verməmişdən əvvəlki gün saat 16 radələrində Cavahirin iş yerinə gedib: “Məqsədim həmin gün “Xeyir-şər evi”nin bir zalı işlədiyindən yalnız bir nəfər qabyuyan-xadimənin ora getməli olduğu halda, həmin gün Nazilə növbətçiykən Cavahirin də oraya çağırılmasının səbəbini öyrənmək olub.

“Xeyir-şər evi”nin mətbəxinə daxil olduğum vaxt Nazilə ilə Cavahirin qab yuduqlarını gördüm. Onlara salam verdikdə Nazilə mənimlə salamlaşdı. Cavahir isə mənə heç bir cavab vermədi və üzünü turşutdu. Bundan sonra “Xeyir-şər evi”nin daxilində gəzməyə başladım. Həmin vaxt inzibatçı Seymur və müdir Elnur da orada idilər. Cavahir Naziləyə məni nəzərdə tutaraq “buna bax, o tərəf-bu tərəfə yeriyir, elə bir qarovulçudur”, - deyə söylədiyini eşitdim.

Kənar şəxslərin yanında Cavahirlə dalaşmaq istəmədiyim üçün heç bir söz demədinm. Orada olarkən Seymur məni gördü, salamlaşdı. Elnuru isə həmin gün ümumiyyətlə ilk dəfə görmüşdüm.

Bir müddət sonra Nazilə və Cavahir zalı süpürərkən Cavahir mənim yanımda Seymura “get mənim telefonumu gətir, birdən itib eləyər”, - deyə bildirdi. Özümün yanında ola-ola arvadımın yad kişiyə bu sözü deməsindən əsəbiləşdim. Ancaq nə Cavahirə, nə də orada olan başqa şəxslərə heç bir söz demədim”.

“Cavahir “sən oraya tülkü kimi məni güdməyə gəlmişdin” deyə bildirdi”

İlham Əkbərovun ifadəsinə görə, saat təxminən 18 radələrində işləri bitdiyi üçün Cavahir və Nazilə ilə birlikdə oradan çıxıblar və avtobus dayanacağına gediblər: “Nazilə bizdən ayrıldı. Mən isə Cavahirlə birlikdə 55 nömrəli marşrut avtobusu ilə Bakıxanov qəsəbəsindəki stansiyaya gəldik. 213 nömrəli marşrut avtobusuna əyləşərək metronun “Qara Qarayev” stansiyasının yaxınlığında düşdük. “Grand Market”in yaxınlığında söhbət etmək üçün Cavahirə küçənin kənarındakı oturacaqda əyləşməyi təklif etdim. Söhbət zamanı Cavahirə iş yerində salamımı almadığını, orada yad bir adama – Seymura telefonunu gətirməyi tapşırdığını, bunu məndən xahiş etmədiyini, eləcə də Naziləyə mənim qaravulçu kimi gəzməyimi bildirməklə, lağ etdiyini, bu hərkətləri ilə mənə qarşı hörmətsizlik göstərdiyini bildirdim.

Arvadıma irad tutarkən aramızda mübahisə baş verdi. Cavahir “sən oraya tülkü kimi məni güdməyə gəlmişdin” deyə bildirdi. Mən də cavabda “tülkü sənin nəslindir, mən aşkar gəlmişdim, səni güdmürdüm, sən dəfələrlə mənə nə vaxt istəsəm iş yerinə gələ biləcəyimi söyləmişdin”, deyə cavab verdim.

Bir müddət mübahisə etdikdən sonra Cavahir Seymuru nəzərdə tutaraq “sən oraya gəlməklə qıçın boyda uşağı da, məni də pis elədin”, deyə söylədi. Bundan sonra birlikdə yaşadığımız evə getdik. Saat təxminən 19 radələrində evə çatdıq. Evdə də mübahisələrimiz davam etdi. Ancaq uşaqlar evdə olduğundan açıq-aşkar mübahisə etməməyə çalışdım. Cavahirə nə dedimsə qışqıraraq cavab verdi, bəzi vaxtlar əl-qol atdı”.

“Səhərin açılmasını gözlədim”

İlham Əkbərovun sözlərinə görə, axşam saat 23 radələrində əsəbiləşdiyi üçün mətbəxdə təxminən 50 qram araq içib, otaqlarında olan çarpayıda uzandıqları vaxt gecə saat 3 radələrinə kimi söz-söhbətləri davam edib: “Bir qədər sonra Cavahir yuxuya getdi. Özüm isə əsəbləşdiyim üçün yata bilmədim. Tez-tez siqaret çəkmək üçün mətbəxə keçdim. Həmin vaxt övladlarım öz otaqlarında yatmışdılar.

Gecə saat təxminən 4 radələrində əsəbimdən yataq otağına gələrək qapının yanında olan idman qantelini götürdüm, sonra çarpayının pəncərə tərəfdən yanına keçdim. Həmin vaxt Cavahir böyrü üstə, arxası pəncərəyə tərəf yatılı vəziyyətdə idi. Qanteli üç dəfə Cavahirin baş nahiyəsinə zərbə endirdim. Cavahir “ah-vay” deyə yavaş səs çıxardı, yatdığı üçün mənə heç bir müqavimət göstərə bilmədi. Qışqırar və uşaqlar oyanıb qorxar deyə balınclardan birini arvadımın sifətinə basdım. Bir az sonra səsinin çıxmadığını gördüm, qanteli pəncərənin qarşısına qoydum. Sonra mətbəxə keçdim. Bir müddət orada oturub siqaret çəkərək səhərin açılmasını gözlədim”.

“Uşaqlarımı götürüb Şəkiyə getdim”

Təqsirləndirilən şəxs bildirib ki, saat 6 radələrində hava işıqlandığı vaxt bir daha yataq otağına qapıdan baxıb: “Həmin vaxt Cavahirin tərpənmədiyini gördüm, qapını örtdüm. Uşaqlarımı yuxudan oyatdım. Onlara boyük oğlumun hərbi komissarlıqdan sənədini almaq üçün Şəkiyə getməli olduğumuzu, Cavahirin isə işə getdiyini bildirdim. Uşaqlar geyindikdən sonra saat 6-7 arasında mənzildən çıxaraq qapını bağladım.

Uşaqlarla birlikdə metronun “Qara Qarayev” stansiyası yaxınlığında markasını və dövlət qeydiyyat nişanını xatırlamadığım taksiyə əyləşərək Bakı Beynəlxalq Avtovağzalına getdik.

Oradan da dövlət qeydiyyat nişanını xatırlamadığım “Mercedes” markalı taksiyə əyləşərək Şəki rayonu, Bideyiz kəndində anam və qardaşımın yanına getdim. Anama və qardaşıma sənəd dalınca gəldiyimi dedim. Hadisə haqqında onlara heç bir söz söyləmədim. Cavahirin haqqında soruşsalar da, arvadımın işdə olduğunu bildirdim”.

İlham Əkbərov ifadəsinin sonunda törətdiyim cinayət əməlini etiraf etməsini, könüllü təslim olmaq məqsədilə Şəki rayon polis şöbəsinə getməsini və hadisə barədə məlumat verməsindən danışıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlham Əkbərov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov