Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində namus üstündə həyat yoldaşını öldürməyə cəhd edən Fərəc Muradovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, hadisə 15 yanvar 2014-cü ildə Sumqayıt şəhəri 5-ci mk ərazisində qeydə alınıb. Gecə növbəsində işləyən Fərəc Muradov, həyat yoldaşı Cəmilə Muradovanın hərəkətlərindən şübhələndiyindən, onun izinə düşüb.
Gecə həyat yoldaşının evdə olmadığını görən kişi, qadının gəlməsini gözləyib. Elə hər şey də bundan sonra baş verib. Fərəc Muradov həyat yoldaşı Cəmilə Muradovaya nə az-nə çox, düz 7 bıçaq zərbəsi endirib. Hadisədən sonra yaralı ağır vəziyyətdə Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasının travmatologiya şöbəsinə çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün qadının həyatını xilas etmək mümkün olub.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Fərəc Muradov 6 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov