Bu gün Bakı Apelyasiya Məhkəməsində qəbiristanlıqda qətl törətməkdə təqsirləndirilən Elzay Zeynalzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, 1997-ci il təvəllüdlü Elzay Zeynalzadə ötən ilin iyunun 14-də Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda aralarında yaranmış mübahisə nəticəsində tanışı Abbas Abbasovu öldürüb, Şahid Kərimova isə xəsarət yetirib hadisə yerindən qaçıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elzay Zeynalzadə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.
Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin şikayəti üzrə qərar elan edilib. Qərara görə, Elzay Zeynalzadənin apelyasiya şikayəti təmin edilib və hökm dəyişdirilib. Yeni hökmə əsasən, Elzay Zeynalzadəyə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə 7 il6 ay, həmin məcəllənin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə 5 il 7 ay 15 günə endirilib. Ona qəti olaraq yenə də 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Hacı Zeynalov