Zaqatala rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində anestezioloq-reanimatoloq vəzifəsində işləmiş Vəfa Nadirovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Vəfa Nadirova 11 fevral 2018-ci il tarixdə həkim anestezioloq-reanimatoloq kimi növbədə olduğu zaman rayon mərkəzi xəstəxanasına daxil olmuş xəstə Məmmədova Naimə Zahid qızının müayinə və müalicəsini aparıb.
Bu zaman o, Naimə Məmmədovada olan patoloji proses, yəni sol tərəfli boru hamiləliyi klinik, laborator və ultrasəs müayinəsi ilə müəyyən olunmalı olduğu halda, bunu etməyib.
Nəticədə Naimə Məmmədova qanxamadan dünyasını dəyişib.
İstintaq orqanı tərəfindən Vəfa Nadirovanın barəsində Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Zaqatala rayon Məhkəməsinin hökmü ilə Vəfa Nadirovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 il müddətə şərti cəza təyin olunub.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə Vəfa Nadirovanın şikayəti təmin olunub. Ona qarşı irəli sürülmüş ittiham sübuta yetirilməyib və barəsində bəraət hökmü çıxarılıb.
Bu hökmdən narazı qalan prokuror kasasiya protesti verib. Prokuror protestində Şəki Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, ağırlaşdırıcı halların müəyyən olunması üçün işinə yenidən apelyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilməsini istəyib.
Prokurorun protestinə Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrlik etdiyi kollegiyada baxılıb.
Hakim heyəti prokurorun protestini təmin etməyib.