5 Noyabr 2020 17:02
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lerik rayonda xuliqanlıqda təqsirləndirilən 1973-cü il təvəllüdlü Namiq Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Namiq Quliyev yaşadığı Ağ Qışlaq kəndinin “Leylan” adlanan sahəsində şumlatdırdığı sahədə 17 oktyabr 2019-cu il tarixdə, saat 18 radələrində taxıl əkdiyi zaman himayəsində yaşayan oğlu Elməddin Quliyevi idarə etdiyi UAZ markalı avtomaşınla toxum üçün evinə göndərib.

Elməddin Quliyev avtomobillə toxum üçün gedərkən Ağ Qışlaq kəndinin yaxınlığındakı maşın yolunda həmkəndlisi Qəhrəman Abışovla rastlaşıb. Onun yanından keçərkən avtomobili yoldan kənara çıxararaq yamaca salıb və atası Namiq Quliyevə telefon vasitəsi ilə məlumat verib.

Elməddin Quliyev Qəhrəman Abışovun yolda özünü maşının qabağını atdığına görə avtomaşını yoldan çıxararaq aşırtdığını deyib. Namiq Quliyev dərhal “Leylan” deyilən yerə gəlib və oğlu Elməddinin avtomobili yoldan çıxararaq qismən aşırtdığını görərək hirslənib. O, həmkəndlisi Qəhrəman Abışova yaxınlaşıb, onu nalayiq sözlərlə təhqir edib və əlbəyaxa olaraq başı ilə onun sifətinə bir zərbə vurub.

İstintaq orqanı tərəfindən Namiq Quliyevin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Lerik rayon Məhkəməsinin hökmü ilə Namiq Quliyev aylıq qazancından dövlət nəfinə 20 faiz məbləğdə pul tutulmaqla 1 il 6 ay müddətə islah işləri cəzası verilib.

Hökmdən narazı qalan zərərçəkmiş Qəhrəman Abışov apelyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsin həbs edilməsini istəyib.

Qəhrəman Abışovun şikayətinə Şirvan Apelyasiya Məhkəməsində baxılıb və zərərçəkmişin şikayəti qismən təmin olunub.

Namiq Quliyevin cəzası 10 ay müddətində azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər