15 Yanvar 16:47
247

Bakıda doğma bacısını qətlə yetirən şəxsin barəsində olan cinayət işinin isatintaqı yekunlaşıb.

Teleqraf.com-un məlumatına görə, qətldə təqsirləndirilən Məhəmmədəli Babayevin cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Xəzər rayon məhkəməsinə göndərilib. Cinayət işi hakim Zaur Tağıyevin icratına verilib.

Xatırladaq ki, hadisə ötə il sentyabrın 20-də səhər saatlarında Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində baş verib. 1991-ci il təvəllüdlü Aydan Babayevanın odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla zərərçəkmişin qardaşı, 1996-cı il təvəllüdlü Məhəmmədəli Babayevin aralarında yaranan münaqişə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq Aydan Babayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, M. Babayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Xatırladaq ki, qətl hadisəsini törədən M. Babayev və qətlə yetirilən A. Babayeva Xəzər rayon İcra hakimiyyətinin Türkən qəsəbəsi üzrə icra nümayəndəsi Rahil Babayevin övladlarıdır.


Müəllif: Teleqraf.com