Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Q.Vəliyev Suraxanı rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı 60 qramdan artıq heroin aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun Qaraçuxur qəsəbəsindəki mənzilinə baxış zamanı isə 9 kiloqramdan artıq heroin, 1 kiloqram 880 qram metamfetamin, 525 qram tiryək, 1 kiloqram həşiş, 1900 ədəd metadon həbi və 3 ədəd elektron tərəzi götürülüb.
Bundan başqa Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş A.Babayev Nərimanov rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 20 qramdan artıq heroin aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun yaşadığı mənzildən 1 kiloqram 780 qram heroin, 560 qram metamfetamin və narkotik vasitələrin satışından əldə edilmiş pulların yükləndiyi 2 ədəd bank kartı götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.