6 Mart 2021 12:57
2 906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən Kənan Bəyoğlanlı və Abdin Bəyoğlanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Cavid Səfərlinin icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, ötən il sentyabrın 7-də gecə saat 01.00 radələrində Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində 1988-ci il təvəllüdlü Malik Şiriyevin bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

İstintaqla zərərçəkmişin tanışı 1998-ci il təvəllüdlü Kənan Bəyoğlanlının şəxsi münasibətlər zəminində mübahisə zamanı Malik Şiriyevi öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

Kənan Bəyoğlanlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq araşdırması zamanı qətlin daha bir iştirakçısı, Kənan Bəyoğlanlının qohumu Abdin Bəyoğlanov da müəyyən olunub və o da istintaqa cəlb olunub.

Məlum olub ki, Malik Şiriyev hadisədən bir neçə ay əvvəl nişanlanıb. Sonra isə onun nişanlandığı qızla nikahları rəsmişləşidirilib.

Amma hadisədən bir ay öncə Malik Şiriyev nikahın ləğv olunması üçün Masallı rayon İcra Hakimiyyətinin Ərkivan ərazi nümayəndəliyinə müraciət edib və heç bir ciddi səbəb göstərməyib.

Bundan bir ay sonra isə Malik Şiriyev qətlə yetirilib. Qətlin bu nikahın ləğv olunması olayı ilə əlaqəli olduğu ehtimal edilir.

Malik Şiriyev OBA marketində administrator işləyib.

İstintaq orqanı tərəfindən Kənan Bəyoğlanlı və Abdin Bəyoğlanovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov