14 Aprel 2021 12:18
1 612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ rayon sakini, 1992-ci il təvəllüdlü Sahib sevgilisi Arzuya Xırdalan şəhərində birlikdə yaşadıqları evdə xəsarət yetirib.

Teleqraf.com-un xəbərinə görə, Sahib qeyri-rəsmi yaşadığı Arzu ilə mobil telefonda başqa şəxsə mesaj yazdığına görə müahisə edib. Yumruqla gicgah nahiyəsinə vuraraq ona xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Sahibin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Sahib elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Arzu ilə 2019-cu ildə tanış olub: “Bir müddət mobil telefon vasitəsilə danışdıqdan sonra onunla otaq yoldaşı kimi yaşamağa başladıq. Hadisə baş verən günü saat 21 radələrində Arzu ilə yaşadığımız şəhərciyin həyətində yerləşən mağazaya getdik. Mağazadan bazarlıq etdikrən sonra yaşadığımız evə gəldik.

Həmin vaxt Arzu “Viski” tərkibli 2, mən isə 1 “Goo” enerjili içki içdim. Bir az sonra Arzu ilə aramızda telefon üstündə sözlə mübahisə baş verdi. Onun əlindən telefonu almaq istədim. Lakin Arzu buna imkan vermədi, onun boğazından tutaraq itələdim. Arzu da mənim boğazımdan tutdu. Mübahisə vaxtı onun sifət nahiyəsindən bir şillə ilə vurdum. Arzu yataq taxtının üzərinə yıxıldı”.

Sahibin sözlərinə görə, Arzu hamama keçib: “Hamamdan çıxanda Arzunun sifət nahiyəsində şişkinlik gördüm. Soyuducudan buz götürərək gicgah nahiyəsinə qoymaq üçün Arzuya verdim. Arzu buzu götürərkən evdən gedəcəyini bildirdi. Mübahisə daha da gərginləşməsin deyə siqaret almaq üçün evdən çıxdım. Siqaret alaraq yaşadığım evə gələn zaman blokun qarşısında təcili tibbi yardım briqadasanın həkimlərinin Arzuya yardım göstərdiyini gördüm. Onlara yaxınlaşmadan yaşadığım evə getdim”.

Sahib törətdiyi əməlindən peşmançılıq hissi keçirdiyini, hadisədən sonra zərərçəkmiş şəxslə barışdığını, barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş edib.

Zərərçəkmiş şəxs qismində ifadə verən Arzunun sözlərinə görə, barəsində şikayət etdiyi təqsirləndirilən Sahiblə 2019-cu ilin martında tanış olub: “Bir müddət telefonla danışdıqdan sonra onunla qeyri-rəsmi ər-arvad kimi yaşamağa başladıq. Sahiblə qısqanclıq zəminində aramızda tez-tez mübahisələr baş verdiyi üçün ondan ayrılmaq qərarına gəldim.

Təxminən üç aya yaxın onunla Xırdalan şəhəri ərazisində bir evdə yaşamışıq, münasibətimiz yaxşı olmayıb”.

Arzunun bildirdiyinə görə, hadisə günü mağazadan alış-veriş etdikdən sonra evə gəliblər: “Gecə saat 2 radələrində telefona baxarkən Sahib məndən kiminlə danışdığımı soruşdu. Heç kiminlə danışmadığımı bildirdirdim. Bir neçə dəqiqə keçdikdən sonra Sahibdən çay süzməsini xahiş etdim. Sahib üzərimə hücum çəkdi və telefonu əlimdən almağa çalışdı. Mənim kiminləsə danışdığımı iddia etdi. Sahibə telefonu vermədim, yataq otağına keçdim.

Sahib telefonun kodunu açmaq üçün barmağımı zorla tutaraq telefona tərəf aparmağa çalışdı. Ona imkan vermədim. Bu vaxt Sahib məni sağ əli ilə boğdu. Mən də onun boğazından tutdum. Sahib məni boğduğu zaman huşumu itirdim, o da məndən əl çəkdi.

Özümə gələndən sonra ayağa qalxdım və Sahibdən evdən çıxmağı tələb etdim. O, evdən çıxmaq istəmədiyini, telefonuma baxaraq mesajları oxuyacağını bildirdi. Mən də qışqırdım. Sahib üzərimə hücum çəkərək yumruq zərbəsi ilə sol gicgah nahiyəmdən vurdu. Zərbənin təsirindən başım fırlandı və yerə oturdum. Sahib əlini üzümə tutdu. Bundan qorxaraq güzgünün qarşısına keçdim, sol gicgah nahiyəmin şişdiyini, sol gözümün üstünə qan yığıldığını gördüm.

Sahib mənim belə vəziyyətimi görəndə mətbəxdən buz gətirdi. Maz almaq üçün evdən çıxaraq getdi”.

Zərərçəkmişin ifadəsinə görə, təcili yardıma və Daxili İşlər Nazirliyinin 102-xidmətinə zəng vurub. Bir neçə dəqiqə keçdikdən sonra həkimlər blokun qarşısına gəlib: “Mənə avtomobildə ilkin tibbi yardım göstərdilər. Həmin vaxt Sahib evdə olduğu üçün evə qalxmadım və həyətdə oturacaqda əyləşdim”.

Arzu qeyd edib ki, səhər saat 9 radələrində Abşeron rayon Polis İdarəsinə gedib və şikayətçi olub. O, ifadəsinin sonunda Sahiblə barışdığını və ona qarşı heç bir şikayəti olmadığını bildirib.

Bu cinayət işi Abşeron rayon Məhkəməsində hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilib. Zərərçəkmiş şikayətçi olmadığı üçün Sahibin barəsində olan cinayət təqibinə xitam verilib.


Müəllif: Hacı Zeynalov