Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı olmuş Ceyhun Cəfərov, birinci müavini Tacəddin Novruzov, İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Natiq Kərimov, Kürdəmir rayonunun Yaşıllaşdırma idarəsinin rəisi Emin Sadıqov, Mənzil İstismar sahəsinin rəisi Sərvər Məmmədov, Kommunal Müəssisələr kombinatının direktoru Məhəmmədəli Surxayev, rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin tibb müəssisəsinin baş həkimi Məhəmməd Musayev, eləcə də rayonun Təhsil şöbəsinin müdiri Mətləb Allahverdiyev və baş mühasibi Rəcəb Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanıb.
Bu barədə Teleqraf.com-a Lənkəran Ağır Cinayətlər Məhkəməsindən bildirilib.
Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası mayın 19-na təyin olunub.
Cinayət işi araşdırılması üçün hakim Cavid Səfərlinin icraatına verilib.
İttihama görə, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı olmuş Ceyhun Cəfərov və digər vəzifəli şəxsləri tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılıb.
Aparılmış istintaq-əməliyyat tədbirləri ilə müəyyən olunmuşdur ki, Ceyhun Cəfərov 16 aprel 2014-cü il tarixdən 20 avqust 2020-ci il tarixədək həmin vəzifədə işləyərkən birinci müavini Tacəddin Novruzov, İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Natiq Kərimov və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən öz qulluq mövqeyindən istifadə etməklə müxtəlif tabe qurumlara məxsus olan külli miqdarda pul vəsaitlərini mənimsəmiş, rayon ərazisində fəaliyyət göstərən səhiyyə, təhsil və digər dövlət qurumlarından, bir sıra özəl müəssisələrdən külli miqdar təşkil edən pul vəsaitlərini rüşvət qismində almış, habelə həyata keçirilmiş tikinti işləri ilə bağlı verdiyi qanunsuz sərəncamlar nəticəsində torpağın üst münbit qatına ağır nəticəli ziyan vurulmasına səbəb olub.
İş üzrə toplanmış sübutlar əsasında Ceyhun Cəfərov, Tacəddin Novruzov və Natiq Kərimova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və digər maddələri ilə ittiham elan edilmiş və barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
İstintaq zamanı, həmçinin, yol verdikləri korrupsiya hüquqpozmaları ilə bağlı cinayətkar qruplaşmanın digər üzvləri - Kürdəmir rayonunun Yaşıllaşdırma idarəsinin rəisi Emin Sadıqov, Mənzil İstismar sahəsinin rəisi Sərvər Məmmədov, Kommunal Müəssisələr kombinatının direktoru Məhəmmədəli Surxayev, rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin tibb müəssisəsinin baş həkimi Məhəmməd Musayev, eləcə də rayonun Təhsil şöbəsinin müdiri Mətləb Allahverdiyev və baş mühasibi Rəcəb Hüseynova 179.3.2 (mənimsəmə külli miqdarda törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilməklə barələrində həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib.
Cinayət işinin ibtidai istintaqı zamanı vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib, xüsusi müsadirəni təmin etmək məqsədilə məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərə məxsus olan daşınmaz əmlak üzərinə həbs qoyulub.