31 May 2021 13:57
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq səfir Eldar Həsənov barəsində Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işi üzrə istintaq mərhələsinin gedişatı barədə məlumat var.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-un sorğusuna cavab olaraq məlumat verilib.

Bildirilib ki, qeyd olunan cinayət işi üzrə aparılan istintaq artıq yekunlaşmaq üzrədir.

İstintaqın nəticələri barədə yaxın zamanda ictimaiyyətə ətraflı məlumat veriləcək.

İstintaq orqanı tərəfindən Eldar Həsənovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) və 308-1.1-ci (dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə, bu əməllər xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham elan edilib.

İttihama görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilib.

Davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilmiş, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib.

Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub.

Qeyd edək ki, Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru olub.

Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri olub.

Prezidet İlham Əliyevin 17 avqust 2020-ci il tarixli sərəncamı ilə Eldar Həsənov Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri vəzifəsindən geri çağırılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər