Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Gədəbəy rayonunun Novoivanovka kənd sakini Səkinə Həsənovanın tövlədə boğazından kəndirlə taxtaya bağlanmış vəziyyətdə videogörüntüsü yayılıb.
Baş Prokurorluqdan Teleqraf.com-a verilən məlumata görə, qeyd edilən görüntülərlə əlaqədar Gədəbəy Rayon Polis Şöbəsində ilkin yoxlama aparılmaqla toplanmış material aidiyyəti üzrə Gədəbəy Rayon Prokurorluğuna göndərilib.
Aparılmış araşdırma ilə müəyyən edilib ki, mayın 31-də günorta saatlarında rayon sakini 1947-ci il təvəllüdlü Qəzənfər Hacıyev təxminən 20 ildir ki, himayəsində yaşayan ruhi xəstə olan bibisi qızı 1934-cü il təvəllüdlü Səkinə Həsənovanı evinin həyətində yerləşən tövlədə boğazından iplə taxtaya bağlamaqla qanunsuz azadlıqdan məhrum edib.
3 iyun 2021-ci il tarixdə fakta görə Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 145.1-ci (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.