Bərdə rayonunda 2001-c il təvəllüdlü Rəşad Mirzəyev qısqaclıq zəminində həmyerlisi Kamil Əhmədovu öldürməyə cəhd edib.
Teleqraf.com-un xəbərinə görə, Rəşad 2020-ci il yanvarın 6-da, gecə saat 02.30-da Bərdə şəhəri, Bakı küçəsi ilə gedərkən taksi fəaliyyəti ilə məşğul olan Kamil və ona məxsus “VAZ- 21063” markalı minik avtomobilini görüb. O, Kamilin yaxın münasibətdə olduğu Fidana (ad şərti verilib – red.) bir neçə ay əvvəl əxlaqsız təklif etmiş şəxs olması qərarına gəlib.
Şəhərdən kəndə gələn taksi sürücüsü
Rəşad Kamili qisas almaq niyyəti ilə öldürmək üçün həmin avtomobilin arxa oturacağında sərnişin kimi əyləşdikdən sonra Bərdə şəhərindən rayonun Lənbəran kəndi istiqamətində hərəkət edib. Həmin kəndin ərazisində yerləşən boş əkin sahəsinin yaxınlığında Kamilin idarə etdiyi avtomobili saxlamasından istifadə edərək, ona özündə olan bıçaqla müxtəlif dərəcəli xəsarətlər yetirib.
Rəşad növbəti zərbələri yetirmək istədikdə Kamil ona aktiv müqavimət göstərib. Sonra qaçaraq hadisə yerindən uzaqlaşıb. Kamilə xəstəxanada vaxtında tibbi yardım göstərildiyindən həyatını xilas etmək mümkün olub.
Gecə yarısı qanlı dava
Daha sonra Rəşad cinayət əməllərini davam etdirərək həmin gün, saat 03.30-da Kamilə məxsus “VAZ-21063” markalı minik avtomobili idarə edərək Bərdə rayonu, Bəcirəvan kəndi ərazisində yerləşən əkin sahələrinin suvarılması üçün nəzərdə tutulmuş su kanalının keçdiyi yerin yaxınlığına gətirib.
Rəşad həmin vaxt avtomobilin içərisində Kamilə məxsus 60 manat dəyərindəki “Samsung” markalı mobil telefonun olduğunu görüb. O, gələcəkdə satmaq məqsədilə telefonu götürüb və içərisində olan nömrəni yandırmaqla məhv edib.
Rəşad avtomobilin salonunda bir neçə saat yatıb və sonra durduqdan sonra avtomobili yenidən işə salmaqla saxladığı yerdən bir qədər də irəliyə doğru idarə etməklə yolun kənarındakı su kanalının yaxınlığında saxlayıb. O, avtomobil idarəetmə vərdişləri zəif olduğu üçün avtomobilin ötürücülər qutusunu neytral vəziyyətdə qoymaqla təbii ehtiyaclarını ödəmək məqsədilə yerə düşməsi səbəbindən həmin tarixdə saat 07 radələrində avtomobil hərəkətə gələrək kanalın içərisinə aşıb.
Nəticədə avtomobilə ümumilikdə 277 manat dəyərində maddi ziyan dəyib. Daha sonra o, gələcəkdə satmaq məqsədi ilə avtomobildən götürdüyü “Samsung” markalı mobil telefonun satışı zamanı istifadə etməsi üçün kanala düşmüş avtomobilin sol tərəf ön oturacağın alt hisəssindən Kamilə məxsus şəxsiyyət vəsiqəsini götürüb.
“Söhbət edəcəyimi dedim”
İstintaq orqanı tərəfindən Rəşad Mirzəyevin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd), 185.1-ci (avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə) və 326.2-ci (dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini talama) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəşad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Fidan ilə 2019-cu ildə Bərdə şəhərində tanış olub: “Həmin vaxtdan onunla sevgili kimi danışdıq. Zaman keçdikcə münasibətlərimiz daha da yaxınlaşdı. 2019-cu ilin dekabrında Fidan mənə zəng vurdu, bir nəfər “Vaz 21-06” markalı, nömrəsinin əvvəli 57 ilə başlayan sonu isə 200 rəqəmi ilə bitən taksi sürücüsünün ona söz atdığını dedi. Mən də həmin şəxsi taparaq söhbət edəcəyimi Fidana dedim”.
“Məqsədim cəzasını vermək olub”
Təqsirləndirilən şəxsin sözlərinə görə, bir müddət sonra yəni, 2020-ci il yanvarın 6-da, gecə saatlarında Bakı şəhərindən qayıdarkən taksi ilə evə gedən zaman Bərdə şəhəri, Bakı küçəsi, “pajarni kruqu” deyilən dairədən keçəndə neçə vaxtdır axtardığı, nömrəsi 57 ilə başlayıb, 200 rəqəmi ilə bitən taksinin orada olduğunu görüb: “Ona görə də avtomobilin sürücüsündən avtomobili saxlamasını xahiş etdim. Avtomobildən düşdüm, “Vaz 21-06” markalı avtomobilin taksi sürücüsünə, sonradan adının Kamil olduğunu bildiyim şəxsə yaxınlaşdım. Kamilin axtardığım şəxs olduğuna əmin oldum. Fidan ona söz atan adamın başında tükün az olduğunu dediyindən, Kamilin də başında tük az olduğu üçün onun dediyi əlamətlərin Kamilə uyğun gəldiyini gördüm. Kamilə bu barədə heç nə demədim. Deməməyimin məqsədim isə həm avtomobillə öz kəndimə getmək, həm də kəndə getdikdən sonra onunla Fidanın barəsində söhbət edib və onun cəzasını vermək olub”.
“Öldürmək fikrimi qətiləşdirdim”
Rəşad qeyd edib ki, bundan sonra Kamilə yaxınlaşıb, avtomobilin pəncərəsindən sonuncu ilə danışmağa başlayıb: “Kamildən məni Lənbəran kəndinə hansı qiymətə aparacağını soruşdum. Biz 12 manata razılaşdıq. Yolda olarkən Kamilə yuxum gəldiyini dedim. Sonuncu da mənə keçərək arxada yata biləcəyimi bildirdi. Mən də arxa oturacaqda uzandım. Kamil mənə yolda bir nəfər tanışını da götürərək saray dairəsinə aparacağını, oradan da Lənbəran kəndinə gedəcəyimizi dedi. Mən də etiraz etmədim. Lənbəran kəndinə çatmağımıza az qalmış Kamil məni oyatdı. Mən də oyandım, onunla söhbət etməyə başladım. Kəndə çatdıqca Kamili öldürmək fikrimi özümdə qətiləşdirdim. Yoldan tapdığım bıçaqla onu vurmağı planlaşdırdım. Buna görə də avtomobili sakit yerə sürdürməyə qərar verdim”.
“Fidana söz atan adam olmasını dəqiqləşdirmək istədim”
Rəşad bildirib ki, Lənbəran kəndinin sonunda bağlar başlayan, evlər olmayan küçəni tanıdığından və həmin küçədə gecə vaxtı heç kim olmayacağını bildiyindən, Kamili aldadaraq evinin yaxında olmasını deyib, hər dəfə bir qədər də irəli sürməsini xahiş edib: “Kamil küçənin sonunda evlərin qurtardığını görən zaman artıq irəli sürməyəcəyini dedi. Əvvəlcə Kamillə söhbət etdik, onun Fidana söz atan adam olmasını dəqiqləşdirmək istədim. Lakin Kamil avtomobilin istiqamətini Bərdə şəhərinə çevridiyindən onun qaçmasının asanlaşdığını, onunla söhbət etməyə başlasam qorxaraq qaçacağını, məqsədimə çatmayacağımı və Kamilin Fidana söz atdığını boynuna almayacağını düşündüyümdən, dərhal sol əlim ilə oturacağın arxasında Kamilin boğazından tutdum, sağ əlim ilə bıçağı götürdüm. Ona zərbələr endirməyə başladım. Həmin vaxt əsəbi olduğumdan Kamilə neçə zərbə vurduğumu xatırlamamışam. Kamili bir neçə dəfə vurduqdan sonra əlimdən çıxaraq avtomobildən yerə endi. Sonuncunun arxasınca maşından yerə endim. Lakin Kamilin məndən 4-5 metr uzaqlaşdı, evlərə tərəf getdiyini gördüm. Bu səbəbdən geri qayıtdım”.
“Etdiyim əməldən peşman oldum”
Rəşad deyib ki, Bundan sonra Kamilin avtomobilin sükanına əyləşib və avtomobili sürətlə idarə edərək magistral yola çıxıb: “Maşını “Planet” yanacaq doldurma məntəqəsinin yanında, su kanalının kənarında saxladım. Orada əl-üzümü yudum. Orada təxminən 15-20 dəqiqə dayandıqdan sonra etdiyim əməldən peşman oldum. Qayıdaraq Kamili xəstəxanaya aparmaq qərarına gəldim. Hadisə yerinə gedən zaman Kamilin orada olmadığını gördüm. Bundan sonra avtomobili idarə edərək Lənbəran kəndindən çıxdım. Bəcirəvan kəndində kanalın yanında avtomobili saxladım. Orada Kamilin telefonundan nömrəsini qıraraq atdım”.
“35 manata satdım”
Təqsirləndirilən şəxsin ifadəsinə görə, bundan sonra ayaq yoluna getmək üçün avtomobildən enib: “Avtomobilin mühərrikini söndürsəm də, onun ötürmələr qutusunun neytral vəziyyətdə olmasını unutdum. Bu səbəbdən də avtomobil hərəkət edərək kanala düşdü. Avtomobilin qeydiyyat nömrələrini kanala atdım. Bundan sonra Bakıya getmək qərarına gəldim. Bu məqsədlə piyada Bərdə şəhəri istiqamətinə gedərkən Kamilə məxsus avtomobildən götürdüyüm şəxsiyyət vəsiqəsini, mobil telefonu və hadisə vaxtı istifadə etdiyim bıçağı üzərimdə götürdüm. Yolda bir avtomobil saxladaraq həmin avtomobillə Bərdə şəhər avtovağzalına gəldim. Orada mikroavtobus sürücüsünə yaxınlaşaraq üzərimdə pul olmadığını, ödənişi Bakı şəhərinə çatdıqdan sonra verəcəyimi bildirsəm də, sürücü mənimlə razılaşmadı. Bu səbəbdən Bərdənin təzə bazarında Kamilə məxsus mobil telefonu tanımadığım şəxsə onun şəxsiyyət vəsiqəsindən istifadə edərək 35 manata satdım. Sonra mikroavtvobusa əyləşdim, Bakıya getdim. Orada iş taparaq işləməyə başladım. 18 gün sonra yenidən Bərdəyə qayıtdım, Kamili vurduğum bıçağı yaşadığım evin yaxınlığında gizlətdim. Bu barədə heç kimə məlumat vermədim. Fidana söz atan şəxsi deyil, səhvən başqa şəxsi bıçaqla vuraraq öldürmək istəmişəm. Törətdiyim əməldən peşmanam”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baxılıb.
Rəşad 8 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.