23 İyul 2021 12:54
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən və narkotik vasitələr saxlayan şəxs saxlanılıb. Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Mirzəcan Babayev Hökməli qəsəbəsi ərazisində tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd qundağı və lüləsi kəsilmiş ov tüfəngi, 7 ədəd patron, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar olunub. Saxlanılan şəxs ifadəsində üzərindən aşkar olunan silah-sursat və narkotik vasitələrin ona məxsus olduğunu etiraf edib. Həmçinin, Mirzəcan Babayevin ətrafında həyata keçirilən əlavə əməliyyat tədbirləri zamanı onun Qobu Polis Bölməsinin inzibati ərazisində bir neçə oğurluq hadisələri törətdiyi də məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər bir əməliyyat zamanı Novxanı qəsəbəsində gənclər və yeniyetmələr arasında narkotik vasitələrin təbliği və qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Həşim Paşayev də saxlanılıb. Onun üzərindən narkotik vasitə olan heroin və psixotrop maddə metametamin aşkar olunub. Saxlanılan şəxsin ətrafında Abşeron Rayon Polis İdarəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Müəllif: Teleqraf.com