Ucar rayonunda qadını qətlə yetirməkdə təqsirləndirilən Qasım Məmmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Bilal Məmmədovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, bu ilin aprelin 14-də saat 15 radələrində Ucar rayonu, Qarabörk kəndi ərazisində rayon sakini 1985-ci il təvəllüdlü Kərimova Validə Məzahir qızının bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla zərərçəkmişin əri Məmmədov Qasım Fazil oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Validə Kərimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
İsintaq orqanı tərəfindən Qasım Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.