25 Avqust 2021 15:22
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda vəzifəli şəxsin övladı, 1996-cı il təvəllüdlü Məhəmmədəli Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Xəzər rayon Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə baş tutan iclasda hökm oxunub.

Məhəmmədəli Babayev 1 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il sentyabrın 20-də səhər saatlarında Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində 1991-ci il təvəllüdlü Aydan Babayevanın odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla zərərçəkmişin qardaşı, 1996-cı il təvəllüdlü Məhəmmədəli Babayevin aralarında yaranan münaqişə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq Aydan Babayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məhəmmədəli Babayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq orqanı tərəfindən Məhəmmədəli Babayevin barəsində Cinayət Məcəlləsinin 122.1-ci (zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Xatırladaq ki, qətl hadisəsini törədən Məhəmmədəli Babayev və qətlə yetirilən Aydan Babayeva Xəzər rayon İcra hakimiyyətinin Türkən qəsəbəsi üzrə icra nümayəndəsi Rahil Babayevin övladlarıdır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər