2 Sentyabr 2021 15:16
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda 1980-cı il təvəllüdlü Yadigar həyat yoldaşı Elnarəni döyüb.

Teleqraf.com-un xəbərinə görə, hadisə 2 iyun 2021-ci ildə Xəzər rayonu Binə qəsəbəsi Binə Aqro yeni yaşayış massivində yerləşən fərdi yaşayış evində baş verib.

Həmin ünvanda Yadigar ailə münaqişəsi zəminində həyat yoldaşı Elnarəni döyüb, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

İstintaq orqanı tərəfindən Yadigarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Yadigar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, bildirib ki, Elnarə ilə 2007-ci ildə qeyri-rəsmi ailə qurub: “Bu evlilikdən iki övladımız var. Əvvəllər ailə daxili münasibətlərimiz yaxşı olub”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, aralarında olan mübahisəyə səbəb iyunun 2-də saat 13.00-da arvadı Elnarənin qonşuya getməsinə irad bildirməsi olub: “Elnarə mənə nalayiq ifadələr söylədi. Baş nahiyəsindən şillə ilə vuraraq onu döydüm. İlk dəfə törətdiyim əməldən peşman olaraq Elnarə ilə barışdım”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Elnarə bildirib ki, ərinə qonşuya getməyini bildirib: “Bunun üstündə aramızda münaqişə yarandı. Yadigar mənim baş və ayaq nahiyəmdən dəmir parça ilə vuraraq döydü. Bu barədə Xəzər rayon Polis İdarəsinin 3-cü polis bölməsinə şikayət ərizəsi ilə müraciət etdim”.

Zərərçəkmiş qeyd edib ki, hazırda Yadigarla barışıb: “Ondan heç bir şikayətim yoxdur”.

Bu cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb. Yadigarın barəsində olan cinayət təqibinə xitam verilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər