Bakının Sabunçu rayonunda Ucar rayon sakini, 1990-cı il təvəllüdlü Gülverdi Səlimov arvadı İlahəyə (ad və soyadlar şərti verilib – red.) xəsarət yetirib.
Teleqraf.com-un xəbərinə görə, hadisə ötən il sentyabrın 23-də baş verib. Gülverdi Bakıxanov qəsəbəsində kirayədə yaşadığı evdə olarkən arvadının telefonla danışdığı şəxs barədə məlumat verməməsi və telefonu söndürməsi səbəbindən qısqanclıq zəmində aralarında mübahisə yaranıb.
Mübahisə zamanı Gülverdi arvadına yumruq və təpik zərbələri vurub. Arvadı isə evdən getmək istəyəndə mətbəxdən götürdüyü bıçaqla ona xəsarət yetirib.
İstintaq orqanı tərəfindən Gülverdinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Gülverdi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O qeyd edib ki, 2017-ci ildə İlahə ilə rəsmi olaraq ailə həyatı qurub: “Bizim birgə nikahımızdan bir yaşlı qızmız doğulub. Ailə həyatı qurduqdan sonra Bakı şəhərində müxtəlif vaxtlarda ayrı-ayrı rayon və qəsəbələrdə kirayədə yaşamışıq. Fəhlə işlədiyim üçün ailəmi dolandırmaqda və kirayə pulunu əldə etməkdə çətinlik çəkmişəm. Buna baxmayaraq arvadım İlahə ev sahibinin də yaşadığı fərdi ev yox, bina evində icarəyə mənzil götürməyimi tələb etdi. Ona bunun maddi cəhətdən çətin olduğunu izah etsəm də, İlahə başa düşmək istəmədi. Bu və digər səbəblərdən bir neçə dəfə sözlə ailə daxili mübahisələrimiz olub”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisədən bir həftə əvvəl İlahə kirayədə yaşadıqları Bakıxanov qəsəbəsində yerləşən həyət evini bəyənmədiyini deyib: “Yeni, daha rahat evə köçməyimizi tələb etməyə başladı. Buna görə yenə də mübahisəmiz yarandı. İlahə uşağı yanımda qoydu, evi tərk edərək getdi. Bir neçə saat sonra İlahənin nömrəsinə zəng vurdum, o isə telefonu söndürdü. Onunla heç cür əlaqə saxlaya bilmədim”.
Gülverdi Səlimov qeyd edib ki, iki gün sonra İlahə evə qayıdıb: “İlahədən harada olduğunu soruşdum. Bildirdi ki, evdən çıxandan sonra Sumqayıt şəhərində yaşayan rəfiqəsi Fərqanəgilə gedib, 2 gün orada qalıb. İlahənin davranışları müəyyən şübhələr yaratdı. Bir ailə kimi mənə qarşı münasibətinin soyuduğunu hiss etdim. Bu da məni qıcıqlandırdı. Buna görə də tez-tez spirtli içki qəbul etməyə başladım”.
Təqsirləndirilən şəxs bildirib ki, sentyabrın 23-də saat 20.00-da yaşadığı evə gələndə İlahə və qızı evdə olublar: “İlahənin “Samsung Y 4” markalı mobil telefonu cərəyana qoşulmuşdu, digər bir telefonu əlində saxlamışdı və həmin telefona zəng gəldi. İlahədən əlindəki telefonun kimə məxsus olduğu və zəng vuran barədə soruşdum və telefonu ondan tələb etdim. İlahə telefonu mənə verməkdən imtina etdi. Bildirdi ki, həmin telefonu tanışı ona bağışlayıb. Zəng vuran şəxsin də kim olduğunu söyləmədi. Hansı nömrədən zəng gəldiyini öyrənmək üçün güclə telefonu İlahədən almaq istədim. Bu zaman İlahə telefonu söndürdüyündən telefonun kodunu bilmədiyim üçün aça bilmədim, zəng gələn nömrəni öyrənməyim mümkün olmadı”.
Gülverdinin sözlərinə görə, İlahə telefonun kodunu deməyib, əksinə qışqıraraq telefonu almağa çalışıb: “Telefona baxarkən üzərində olan nömrədən əlavə telefonun qapağının arxa hissəsində daha üç telefon nömrəsi olduğunu gördüm. İlahə həmin nömrələr barədə heç bir məlumat vermədi, tək öz həyatını yaşamaq istədiyini dedi. Əsəbi halda İlahəni döydüm və stolun üstündən kiçik ölçülü mətbəx bıçağını götürərək onun yan hissəsinə vurdum”.
Gülverdi ifadəsinin sonunda qeyd edib ki, törətdiyi əməldən səmimi peşman olub. O, zərərçəkmiş şəxslə barışdığını da qeyd edib.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən İlahənin sözlərinə görə, əri Gülverdi fəhlə işlədiyindən və az pul qazandığından maddi vəziyyətləri çətin olub: “Gülverdi tez-tez evə içkili vəziyyətdə gəlir, qısqanclıq zəminində mübahisələr edirdi. Sentyabrın 23-də saat 20.00-da qızımla olarkən Gülverdi yenə içkili vəziyyətdə evə gəldi. Gülverdidən uşaq bezi alıb-almamasını soruşdum. Cavab vermədi və heç bir səbəb olmadan məni döyməyə başladı. Qızımı götürərək evdən getmək istədim. Gülverdi stolun üstündəki mətbəx bıçağını götürdü, bıçaqla zərbə endirdi”.
Zərərçəkmiş qeyd edib ki, Gülverdi ilə barışıblar. O, təqsirləndirilən şəxsə qarşı şikayəti olmadığını qeyd edib.
Bu cinayət işinə Sabunçu rayon Məhkəməsində baxılıb. İşə baxan hakim zərərçəkmişlə təqsirləndirilən şəxsin barışmasını nəzərə alıb.
Gülverdinin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.