Bir qətlin şok təfərrüatı
Bu gün Bakı Apelyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən, əslən Fizuli rayonundan olan, 1988-ci il təvəllüdlü Rəşad Qaytaranovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, ötən ilin avqustun 8-də, saat 00:20 radələrində Naxçıvanski küçəsində naməlum kişi bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib. Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin, Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və 24-cü Polis Bölməsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətlə yetirilənin Bakı şəhər sakini Ruslan Abbasov olması müəyyən edilib. hadisəni törətməkdə təqsirli bilinən Rəşad Qaytaranov isə tutulub.
İttihama görə, Rəşad Qaytaranov xalası oğlu Sənan Məhərrəmova qarşı Alim Abuşov tərəfindən edilən xuliqanlıq əməlini araşdırmaq niyyəti ilə onunla görüşmək qərarına gəlib. Bu məqsədlə avqust ayının 8-də axşam saatlarında Naxçıvanski küçəsi 48 saylı ünvanda yerləşən “Şəki” kafesinə yollanıb. Rəşad Qaytaranov Alim Abuşovla mübahisə edərkən, həmin vaxt sonuncunun həmkəndlisi Ruslan Abbasov söhbətə müdaxilə edib. O, əlindəki pivə bakalı və çəngəllə Rəşada zərbə endirib. Ruslanın hərəkətlərindən əsəbləşən Rəşad Qaytaranov cibindən çıxardığı bıçaqla onu vurub. Yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Məhkəmə istintaqı zamanı Rəşad aytaranov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində hadisəni törədərkən özündə olmadığını deyib. Təqsirləndirilən şəxsin sözlərinə görə, körpə yaşlarında xəstəxanada sarılıq xəstəliyindən müalicə olunarkən palataya mərmi düşüb. Həmin hadisə zamanı bir neçə nəfər ölüb. O, özü isə dörd-beş saata yaxın meyitlərin arasında qalıb. Hadisə zamanı xəsarət alan Rəşad Qaytaranovu sağ olduğunu görərək meyitlərin arasından çıxarıblar. Keçirdiyi ruhi sarsıntı, gördüyü hadisələr onun əsəb sisteminə öz təsirini göstərib. O vaxtdan etibarən mütəmadi olaraq müalicə olunan Rəşad Qaytaranov bu üzdən hərbi xidmətə də yararsız sayılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsi Rəşad Qaytaranovun barəsində ittiham hökmü çıxarmayıb. Onun cinayəti törədərkən anlaqsız olması nəticəsinə gəlinib və buna görə də Rəşad Qaytaranovun 1 saylı Ruhi-Əsəb Dispanserində müalicə alması barədə qərar qəbul edilib.
Məhkəmənin qərarından Baş prokurorluq narazı qalıb və Rəşad Qaytaranovun barəsində ittiham hökmünün çıxarılması ilə bağlı apelyasiya protesti verilib. Prokurorluq Rəşad Qaytaranovun barəsində ittiham hökmünün çıxarılmasını tələb edib.
Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Rəşad Qaytaranovun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionar məcburi müalicə təyin edilib. Müalicəsi başa çatdıqdan sonra Rəşad Qaytaranovun cinayət işinə yenidən baxılacaq.
Hacı Zeynalov