Bakının Pirallahı rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən Telman Mövsümzadənin cinayət işi məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsə hökm oxunub.
Telman Mövsümzadə 19 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, bu il yanvarın 17-də paytaxtın Pirallahı rayon sakini 1981-ci il təvəllüdlü Lalə Ramazanovanın itkin düşməsi ilə bağlı Pirallahı rayon polis şöbəsinə daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilib.
İtkin düşmüş Lalə Ramazanovanın qəsdən öldürülməsi müəyyən edilib.
Araşdırmalarla 1975-ci il təvəllüdlü Telman Mövsümzadə 17 yanvar 2021-ci il tarixdə, saat 23 radələrində yaşadığı evdə Lalə Ramazanovanı aralarında yaranmış mübahisə nəticəsində bıçaqla boğaz nahiyəsinə xəsarətlər yetirərək öldürməsinə, törətdiyi cinayətin izlərini itirmək məqsədi ilə meyiti həmin evin həyətinə basdırmasına əsaslı şübhələr müəyyən edilib.
Telman Mövsümzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaq orqanı tərəfindən Telman Mövsümzadənin barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ittiham elan edilib.