1981-ci il təvəllüdlü Bakı şəhər sakini Babaşirin Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsində xuliqanlıq əməli törədib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Babaşirin 31 may 2021-ci ildə saat 13.30-da qardaşı Alimlə birlikdə Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsinə gəlib. Buna səbəb Elçin adlı tanışlarının Alimdən polis bölməsinə şikayət etməsi olub.
Babaşirin həmin bölmənin inzibati binasında bölmənin baş təhqiqatçısı, polis mayoru Qüdrətin xidməti otağında materialın araşdırılması məqsədi ilə bölməyə dəvət olunmuş Elçini sinəsindən əli ilə vuraraq yerə yıxıb. Elçinin baş nahiyəsi oturacağa dəyərək xəsarət alıb.
Babaşirin döşəmədə uzanmiş vəziyyətdə olan Elçinin bədəninin müxtəlif nahiyələrinə ayağı ilə zərbələr vurub.
Babaşirinin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.
“1500 manat verdik”
Təqsirləndirilən şəxs qismində ifadə verən Babaşirin bildirib ki, Qobustan qəsəbəsindən keçən Bakı-Astara yolunun üzrərində avtomaşın təmiri və satışı ilə məşğul olub: “2020-ci ilin yay aylarında qardaşım Alim məni Elçinlə tanış etdi. Onunla münasibətlərimiz normal oldu. O mənə bir neçə dəfə müxtəlif yük avtomaşınlarına təkər və ehtiyat hissələri satdı.
Qardaşım Alimlə işlətdiyimiz mağazaları böyütmək üçün yaxınlıqda torpaq sahəsi almaq istəyirdik. Bu barədə Elçinə bildirdik, o, torpaq sahəsini təşkil edəcəyini dedi. 2020-ci ilin payız aylarında Elçinə torpaq sahəsinə görə təxminən 1500 manat verdik. Həmin zaman məndə MAZ markalı yük avtomaşını var idi. Elçin həmin MAZ markalı avtomaşını almaq istədi. Onunla avtomaşını 3500 manata razılaşdıq. Elçin bildirdi ki, torpaq sahəsinin sənədlərini hazır edəndən sonra bu maşını ona hədiyyə verərəm. MAZ markalı avtomaşını evekuator vasitəsi ilə mağazanın yanından apardı”.
“Qardaşımla mübahisə etdik”
Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra Elçinlə əlaqə saxlayıb: “Torpağın sənədlərinin hazır olacağını bildirdi. Mən isə Elçinlə razılaşmadım və pulumu və avtomaşınımı geri qaytarmasını istədim. Bir neçə gün sonra Elçin 1500 manatımı və yük avtomaşınını geri qaytardı. Lakin avtomaşının texniki pasportunu özündə saxladı.
Elçinə satdığım MAZ markalı avtomaşını doğrayaraq dəmiryığma məntəqəsinə təhvil verdim. Bundan sonra qardaşım Alimlə şəxsi münasibətlər zəminində mübahisələrimiz oldu. Bir müddət danışmadıq. Mənim Elçinlə bundan sonra heç bir ticarətim olmayıb”.
“Mənim yanımda pul verməyib”
Babaşirinin sözlərinə görə, 16 may 2021-ci ildə qardaşı Alimlə Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsinin yaxınlığında olublar: “Bu zaman Alim mənə bildirdi ki, Elçinin torpaq sahəsinə görə 23600 manat pul borcu var. Alimə dedim ki, bu barədə polisə müraciət etmə. Lakin o, sözümə baxmayaraq 11-ci polis bölməsinə şikayət ərizəsi verdi. Alimlə Elçinin arasında pul söhbəti yanımda olmayıb”.
“Təpiklə vurdum”
Təqsirləndirilən şəxs qeyd edib ki, mayın 31-də təxminən saat 13 radələrində işlədiyi mağazada olan zaman Alim onun yanına gəlib: “Bildirdi ki, onu polis bölməsinə çağırırlar. Alim mənə birlikdə getməyimizi təklif etdi. Mən də Alimlə Qobustan qəsəbəsində yerləşən 11-ci polis bölməsinin yerləşdiyi inzibati binaya gəldik. Təhqiqatçının otağına daxil olanda Elçini də orada gördüm.
Alimin şikayət ərizəsində göstərdiyi torpaq sahəsinin pulunu, yəni 23600 manat pulunu hansı şəraitdə Elçinə verdiyini müzakirə etdik. Bu zaman Elçin cibindən “MAZ” markalı avtomaşının texniki pasportunu çıxararaq həmin avtomaşını ona satdığımı dedi.
Elçinin əlindən texniki pasportu almaq istədim. Sənəd yerə düşdü. Elçini sinə nahiyəsindən itələdim. O, oturacaqla birlikdə yerə yıxıldı, başı oturacağa dəydi. Qaşından xəsarət aldı və məni söyməyə başladı. Mən də Elçinə yaxınlaşaraq söyüş söyməməsi üçün təpiklə bədəninin müxtəlif nahiyələrindən vurdum”.
“Ailə biznesi ilə məşğul olmuşam”
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Elçinin sözlərinə görə, ailə biznesi ilə məşğul olub: “Avtomaşınla yük daşıyırdım. Yük avtomaşınım Dərnəgül yolunda xarab olduğundan ehtiyat hissəsi axtaran zaman bildirdilər ki, onu ancaq Qobustan qəsəbəsi ərazisində Alim adlı şəxsdən tapa bilərəm.
Həmin gün Qobustana gələrək Alimlə tanış oldum. Məlum oldu ki, Alim yük avtomobillərini alaraq sökür, ehtiyat hissələrinə bölür, Qobustan qəsəbəsində yerləşən mağazasında satışını təşkil edir. Alimdən ehtiyat hissələri aldım, o, qardaşı Babaşirinin mağazasını göstərərək, lazım olduğu təqdirdə ondan da ehtiyat hissəsi ala biləcəyimi dedi”.
“Razılaşdım”
Zərərçəkmiş qeyd edib ki, bundan sonra ona ehtiyat hissəsi lazım olduqda Alim və ya Babaşirindən pulunu verərək alıb: “Bu minvallada həmin qardaşlarla münasibətim yarandı. Babaşirin bildirdi ki, onda “MAZ” markalı yük avtomaşını var. Avtomaşının sənədlərini və şəklini vasap vasitəsi ilə mənə göndərməsini xahiş etdim. Həmin gün avtomaşının və sənədlərinin şəklini mənə göndərdi. Babaşirinə avtomaşının sənəddə yük avtomaşını deyil, yerqazan qurğu olduğu göstərildiyini dedim. Babaşirin bildirdi ki, problem yoxdur, həmin sənədi düzəldib, verəcək.
Mən də onun sözlərinə inanaraq Qobustan qəsəbəsinə gəldim, avtomaşına baxdım və Babaşirinlə 8200 manata avtomaşının texniki pasportunu düzəltmək şərti ilə razılaşdım. Bundan sonra 3200 manat bir dəfə, 5000 manat da başqa bir vaxt gətirərək Babaşirinə verdim. 166 evakuator xidmətinə zəng edərək həmin avtomaşının pulunu tam ödədikdən sonra Dərnəgül yolunda olan avtomaşınlarımın yanına apardım”.
“Dolların məzənnəsi ilə 8500 manat verdim”
Elçin bildirib ki, Babaşirin ona verdiyi sözə əməl etməyib: “Sənədləri qaydasına qoymadiğına görə həmin avtomaşını yenə də evekuator vasitəsi ilə Qobustan qəsəbəsinə Babaşirinin mağazasının qarşısına göndərdim. Zəng edərək pulumu geri qaytarmasını dedim. O mənə başqa yük avtomaşını təklif etdi və bildirdi ki, həmin avtomaşın qardaşı Alimdədir.
Alimlə danışdım və həmin “KAMAZ” markalı avtomaşını 13200 manata razılaşdım. Alimə 5000 manat verəcəyimi dedim. Mən də Alimə 2000 manat verdim. O, yük avtomaşınının sənədlərini, yəni etibarnaməsini aldıqdan sonra göndərəcəyini dedi.
Təxminən 5 gün sonra Alim zəng edərək bildirdi ki, pulunu verdiyim “KAMAZ” markalı avtomaşının sənədləri düzəlmədiyinə görə özünə məxsus “MAZ” markalı avtomaşını 22000 manata verəcək. Mobil telefonuma həmin avtomaşının şəkillərini və sənədlərinin şəklini göndərdi. Alimlə razılaşdım və səhərisi günü Alimə 5000 ABŞ dolları məzənnə ilə 8500 manat verdim”.
“Texniki pasportunu özümdə saxladım”
Zərərçəkmiş qeyd edib ki, beləliklə, Alimə və Babaşirinə ümumilikdə 18700 manat verib: “Həmin pulun 8200 manatını Babaşirinə, 10500 manatını isə Alimə vermişəm. MAZ markalı avtomaşını götürməyə gedəndə Alim dedi ki, maşını 22000 manata yox, 25000 manata satır”. Alimin bu təklifinə etiraz etdim. Pulumu ondan və qardaşı Babaşirindən tələb etdim.
Lakin bir müddət sonra Babaşirinə bildirdim ki, mənə yük qoşqusu lazımdır. Babaşirinlə həmin qoşqunu 3500 manata razılaşdıq. Babaşirində 8200 manat pulum olduğundan ordan hesablaşmağı istədim. Babaşirin mənə qoşqunun texniki pasportunu verdi və bildirdi ki, onu yoxlat.
Texniki pasportu yoxladanda məlum oldu ki, qoşqunun sahibi ölüb. Babaşirində pulum qaldığından həmin qoşqunun texniki pasportunu özümdə saxladım”.
“Polis bölməsinə çağrıldım”
Zərərçəkmiş bildirib ki, bundan sonra Alim ona ümumilikdə 6000, Babaşirin isə 200 manat pul qaytarıb: “Mən də Alimlə Babaşirinə bu barədə hüquq-mühafizə orqanlarına şikayət edəcəyimi biildirdim.
Alim Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsinə guya mənim ona 23600 manat borcum olması barədə ərizə ilə müraciət etdi. Mayın 31-də təxminən saat 11 radələrində 11-ci polis bölməsinin təhqiqatçı zəng edərək məni polis bölməsinə dəvət etdi.
Həmin gün saat 13.20-də 11-ci polis bölməsinə çatdım və təhqiqatçının qəbulunda oldum. Orada mənə barəmdə Alim şikayət ərizəsi yazdığı bildirildi. Ərizə ilə tanış olduqdan sonra izahatımı yazdım və Alimin barəmdə yalan danışdığını, Alimlə aramda olan münasibətin yuxarıda göstərilən səbəbdən yarandığını izah etdim”.
“Sənədi çıxaranda sinəmdən vurdu”
Elçinin ifadəsinə görə, bundan sonra təhqiqatçı zəng edərək Alimi xidməti otağına dəvət edib: “Bir neçə dəqiqədən sonra Alim və Babaşirin polis bölməsinə gəldilər. Otaqda stolun sol tərəfində arxası kitablar olan dolaba tərəf əyləşmişdim. Alim gələrək mənimlə salamlaşdı və üz-üzə stolun sağ tərəfində arxası divara əyləşdi. Babaşirin isə stolun qarşı tərəfində təhqiqatçı ilə üz-üzə oturdu. Sual-cavab aparıldı.
Alimlə Babaşirin mənim yalan danışdığımı bildirən zaman əl çantamdan yük qoşqusunun texniki pasportunu çıxararaq Qüdrət müəllimə təqdim etmək istədim. Bu zaman Babaşirin texniki pasportu əlimdən qaparaq almaq istədi və əli ilə sinə nahiyəmdən vurdu. Stol qarışıq yerə yıxıldım və stolun ayağı baş nahiyəmdən dəydi”.
“Şikayət etdim”
Elçin qeyd edib ki, bundan sonra Babaşirin onu yerdə təpiklə bədəninin müxtəlif yerlərindən vurub: “Alim və təhqiqatçı Babaşirinin qarşısını kəsərək onun zərbəsinə mane oldular. Aldığım zərbələrdən baş nahiyəmdən qan axdı. Polis əməkdaşlarından biri tibbi yardım göstərdi. Özümə gəldikdən sonra bu barədə ərizə ilə polis bölməsinin rəhbərliyinə müraciət etdim. Tibbi ekspertizadan keçdim”.
Bu cinayət işinə Qaradağ rayon Məhkəməsində hakim İslam Həsənovun sədrliy ilə baxılıb.
Babaşirin 1800 manat miqdarında cərimə cəzasına məhkum edilib.