29 Yanvar 2022 14:10
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xızı rayonunda 1991-ci il təvəllüdlü Ayaz şəxsi münasibətlər zəminində mübahisə zamanı xalası oğlu Əliyə (adlar şərti verilib – red.) bıçaqla xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Ayaz 26 may 2020-ci ildə gecə saat 04-05 radələrində Əlinin ona narkoman deməsi, tüfeyli həyat tərzi sürməkdən əl çəkməsi, xalasının əlil olması ilə əlaqədar ailəsinə baxmasını tələb etməsi və narkomanlığının ağır nəticələrə səbəb ola biləcəyi xəbərdarlığı ilə bağlı aralarında mübahisə yaranıb.

Mübahisə zamanı Ayaz özündə olan bıçaqla Əliyə hücum edib, onun bədənin müxtəlif nahiyələrinə xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Ayazın barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ayaz ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Əli xalası Səbinənin oğludur: “Biz Xızının Giləzi qəsəbəsində eyni həyətdə, lakin ayrı-ayrı evlərdə qalırıq və normal qohumluq münasibətlərimiz var. Xalam oğlu Əli ilə aramızda yaranmış anlaşılmazlıq səbəbindən əvvəllər də bir neçə dəfə mübahisələrimiz olub. Əli uzun müddət güləşlə məşğul olmaqla, fiziki cəhətdən məndən güclü olduğundan hər dəfə məni döyüb. Lakin sonradan barışmışıq”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, mayın 25-də, axşam təxminən saat 19.00-da xalası oğlu Əli həyətlərində məclis təşkil edib: “Həmin məclisdə mən, Əli, böyük xalam Nərminin nəvəsi Fərid və digər xalam Baharın kürəkənini Mədət olub. Birlikdə yeyib-içdik. Həmin vaxt Mədət spirtli içki içməsə də, biz üçümüz 2 ədəd 750 qramlıq araq içdik. Bundan sonra Mədət və Fərid getdi. Mən isə Əli ilə həyətdə əyləşərək söhbət etdik.

Söhbət zamanı Əli mənə “narkomansan, tüfeyli həyat tərzi sürürsən, yeri gəlsə ananı da satarsan” dedi. Bu səbəbdən aramızda mübahisə düşdü. Həmin sözlər mənə çox pis təsir etdiyindən dalaşdıq. Hər ikimiz sərxoş olduğumuzdan başqa nə söhbət etdiyimiz tam yadımda qalmayıb”.

Ayazın ifadəsinə görə, eyni zamanda yaranmış mübahisə zamanı Əliyə neçə dəfə bıçaq zərbəsi vurması və onun xəstəxanaya aparılmasını bilməyib. O, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini deyib.

Bu cinayət işinə Xızı rayon Məhkəməsində baxılıb.

Ayaz 1 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov